Roma Papası Fransisk Müsəlman Ağsaqqallar Şurasının iclasında iştirak edəcək

Noyabrın 4-də Bəhreynin paytaxtı Manamada Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Ət-Tayyibin sədrliyi ilə Müsəlmanlar Ağsaqqallar Şurasının 16-cı iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Şərq və Qərb arasında dialoq. İnsanların birgəyaşayışı” mövzusunda təşkil olunacaq tədbirdə Roma Papası Fransisk, İslam ölkələrinin dini liderləri və ilahiyyatçılar iştirak edəcəklər.

İclasda müsəlman dünyası ilə bağlı bir sıra aktual məsələlər, o cümlədən Qərbdəki müsəlman icmalarına dəstək, davam edən qlobal humanitar böhranlar, eləcə də iqlim problemləri və dini liderlərin onun mənfi təsirlərinin qarşısının alınmasında rolu, İslam məzhəbləri arasında dialoqun təşviqi, müsəlman-xristian münasibətləri və qlobal dini təşəbbüslərə dəstək mövzuları müzakirə olunacaq.

Şura, həmçinin islamofobiya ilə mübarizə, gənclər arasında ailə dəyərlərinin mühafizə olunması məsələləri ətrafında da fikir mübadiləsi aparacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də 17 dini lideri birləşdirən Müsəlman Ağsaqqallar Şurasının üzvüdür.