Daşkəsəndə 4 nəfər dəm qazından zəhərlənib.
Daşkəsən rayon sakinləri - 1965-ci il təvəllüdlü Z.Alıyeva, 1990-cı il təvəllüdlü S.Alıyev, 1993-cü il təvəllüdlü C.Alıyev və 1999-cu il təvəllüdlü A.Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, dəm qazından qorunmaq üçün qaz təsərrüfatının təhlükəsiz istismarı həyata keçirilməlidir:
“Dəm qazı və qaz sızması əleyhinə dedektorlar olmalı və evdə havalandırma təmin edilməlidir. Əgər evdə havalandırma, tüstü bacası olmasa və yaxud da olub işlək vəziyyətdə olmasa, bu, yanma prosesini əngəlləyən amillərdən biridir. Mütləq qaz cihazı olan otaqda havalandırma olmalıdır. Çünki qazın yanması üçün kifayət qədər oksigen lazımdır. Əgər evdə qazın yanması üçün kifayət qədər oksigen yoxdursa, bu yanma prosesini əngəlləyəcək və nəticədə dəm əmələ gələcək. Dəm qazı natamam yanma məhsuludur. Yanma prosesi düzgün getmədikdə yaranır. Otaqda kifayət qədər hava, tüstü bacası işlək vəziyyətdə olmadıqda, standartlara uyğun olmayan qaz sobası istifadə olunduqda, dəm qazının yaranmasına səbəb olur. Həmçinin otağın kvadratı nəzərə alınmalıdır. Yəni iki gözlü qaz peçi üçün otaq minimum 8 kvadrat, üçgözlü qaz peçi üçün 12 kvadrat, dördgözlü qaz peçi üçün isə 15 kvadrat olmalıdır. Dəm qazı əsasən hamam otağında yaranır. Çünki hamam otağında qaz cihazları quraşdırılır. Ümumiyyətlə təhlükəsizlik baxımından hamam otağında qaz cihazının olması məqsədəuyğun deyil. Ancaq quraşdırılıbsa, mütləq ventilyasiya olmalı və üstü bacası işləməlidir”.