İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Səssiz cinayət...
Beynəlxalq mütəşəkkil qruplar və sindikatlar bu sahədə yeni yollar və üsullar axtarır, buna görə də qanunvericilik və mübarizə alətləri yenilənməlidir
Qloballaşan dünyada ümumbəşəri problemlərdən biri də insan alveridir.
Cinsi istismar, məcburi əmək, borca görə köləlik, uşaq əməyinin istismarı, “ev” köləliyi, dilənçilik, insanların silahlı qruplaşmalarda məcburi işlədilməsi, orqan transplantasiyası məqsədilə insan alveri – bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir.
Müasir dövrün ən aktual problemi olan insan alveri dünya miqyasında hər bir cəmiyyəti narahat etdiyi kimi bizim də ölkəmizdə narahatlıqla qarşılanan əsas sosial bəlalardan biridir. Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur.
Bu gün DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və digər dövlət qurumları tərəfindən ölkəmizdə insan alverinin qarşısının alınması, cinayət hərəkətlərinə yol verən şəxslərin cəzalandırılması və zərərçəkmiş şəxslərin sosial-psixoloji reabilitasiyası, insan alverinin profilaktikasında mühüm əhəmiyyət kəsb edən maarifləndirmə işi, qanunsuz miqrasiyanın, ölkə ərazisindən insan alveri məqsədilə tranzit istifadə edilməsinin və uşaq nikahlarının qarşısının alınması, baxımsız qalan, təhsildən yayınan, övladlığa götürülmüş uşaqların ailələrinə nəzarətin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin, internet informasiya ehtiyatlarının monitorinqi, xarici dövlətlərə əmək fəaliyyəti ilə, təhsillə və ailə qurmaq məqsədilə gedən şəxslərin, ölkə ərazisindən tranzit istifadə edən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması istiqamətində çox mühüm işlər həyata keçirilməkdədir.
İnsan hüquqlarına zidd olan insan alverinə qarşı ölkəmizdə ciddi mübarizə aparılır və hüquqi-normativ baza müəyyən edilib.
2025-ci ilin yanvar ayı ölkəmizdə İnsan Alverinin Qarşısının Alınması Aylığı elan edilib. Bu müddətdə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası çərçivəsində həm maarifləndirmə tədbirlərinin, həm də sosial dəstək proqramlarının həyata keçirilməsi planlaşdırılır.
Bu məqsədlə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin birgə təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə: mövcud vəziyyət və gözləntilər” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının sədri, “Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova tədbirin əhəmiyyətindən danışıb. Koalisiya sədri həmçinin insan alveri probleminin həlli üçün davamlı yeniliklərin izlənilməsinin və qanunvericilik bazasının təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, müasir dünyada aktual xarakter daşıyan insan alveri problemi müzakirə olunmalı və beynəlxalq təcrübə öyrənilməlidir:
"Azərbaycanda insan alveri ilə mübarizə sahəsində kifayət qədər formalaşmış struktur və kadr potensialı mövcuddur. Ölkə artıq 5-ci Milli Fəaliyyət Planının qəbuluna hazırlaşır. Lakin insan alveri elə bir problemdir ki, daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq mütəşəkkil qruplar və sindikatlar bu sahədə yeni yollar və üsullar axtarır, buna görə də qanunvericilik və mübarizə alətləri yenilənməlidir. Məsələn, son dövrlərdə insan alverinin rəqəmsal cəlbetmə üsulları ortaya çıxıb və buna uyğun tədbirlər görülməlidir".
DİN nümayəndəsi İbrahim Əhmədov nəzərə çatdırıb ki, bu problemə qarşı mübarizədə ictimaiyyət və qeyri-hökumət təşkilatları aparıcı rol oynamalıdırlar. QHT-lər daxili işlər orqanlarını məlumatlarla təmin etməlidirlər:
“DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməyə məcburetmə, uğursuz ailələrdən olan uşaqların qanunsuz əməllərə cəlb edilməsi kimi hallarla mübarizə aparır.
Son dövrlər uşaqların dilənçiliyə cəlb edilməsi məsələsi müşahidə olunur ki, buna qarşı da tədbirlər həyata keçirilir. Azyaşlıların, xüsusilə də xanımların xarici ölkələrə aparılaraq istismara məruz qalmalarına qarşı hallar müəyyən edilərək qarşısı alınır. Bu gün xarici ölkələrə getmək asanlaşıb, elektron təyyarə bileti alıb, xaricə gedənlərin məqsədləri çox vaxt aydın olmur. Onlar insan alverçiləri tərəfindən aldadılaraq xaricə aparılır və istismara məruz qoyulurlar”.
Çıxışında İbrahim Əhmədov insan alverinə qarşı mübarizədə maarifləndirmənin və sosial platformaların düzgün istifadəsinin vacibliyini vurğulayıb:
“Regionların kənd yerlərində belə insan alveri ilə bağlı məlumatlılıq azdır. Sosial platformalardan daha çox istifadə etməliyik. İnsan alveri ilə bağlı qısametrajlı filmlər çəkilir, lakin onların cəmiyyətə təbliği yetərli deyil. Bu filmləri paylaşaraq maarifləndirməni genişləndirmək mümkündür.”
İ.Əhmədov, həmçinin məktəblərdə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin və maarifləndirmə tədbirlərinin əvəzsiz rolunu xüsusi vurğulayıb.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri Zaur İbrahimov isə çıxışı zamanı diqqətə çatdırıb ki, müxtəlif növ insan alverinə qarşı mübarizədə cəmiyyətin bütün təbəqələri iştirak etməlidirlər: “Bu problem milli dəyərlərə zidd olmaqla yanaşı cəmiyyətdə qanunsuz əməllərə yol açır. QHT-lər dövlət strukturları ilə birlikdə fəaliyyət göstərməli və maarifləndirməni gücləndirməlidirlər. İnsan alverinə qarşı mübarizədə maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Sosial platformalarda videoçarxlar, mətnlər yerləşdirib insanları ucuz təbliğata uymamağa inandırmaq lazımdır”.
Tədbirdə ölkədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri, ziyalılar və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Ramil İskəndərli isə İnsan Alverinə Qarşı QHT Koalisiyasının işini dəstəklədiklərini vurğulayıb.
O, “Sherg.az"a açıqlamasında qeyri-hökumət təşkilatlarının sahələrində ixtisaslaşmalarını və bacarıqlarının artırılmasını önə çəkərək, xüsusən insan alveri kimi kritik sahələrdə fəaliyyət göstərən təşkilatların fəaliyyətini dəstəklədiklərini qeyd edib:
"Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu olaraq, biz İnsan Alverinə qarşı QHT Koalisiyasının işini dəstəkləyirik. Ümumilikdə, qeyri-hökumət təşkilatlarının ixtisaslaşması, onların bacarıqlarının artırılması və xüsusilə insan alveri kimi xüsusi sahələrdə ixtisaslaşmalarını dəstəkləyirik və koalisiyanın hər bir işində uğurlar arzulayırıq. Koalisiyanın yenilənməsi mütərəqqi bir haldır. Yeni heyətin gəlməsi və fəaliyyət planı hazırlanması istiqamətində fəaliyyəti, həmçinin bugünkü ictimai müzakirələr formatında görüşün təşkil edilməsi də mütərəqqi bir addımdır. Bu, ictimai iştirakçılığın bir növüdür. Ümumilikdə isə qeyri-hökumət təşkilatlarının insan alverinə qarşı mübarizə sahəsində bir sıra rolu var. Bunlar əsasən maarifləndirici, təhsil, sosial, psixoloji və hüquqi reabilitasiya xidmətlərinin göstərilməsi, sığınacaqlar və digər fəaliyyətlərdən ibarətdir. Ümid edirik ki, gələcəkdə də bu koalisiya bu fəaliyyətləri uğurla həyata keçirəcək".