Azərbaycan məcburetmə taktikasına məcbur edilir -ŞƏRH

Hazırkı şəraitdə sərhədlərin müəyyən olunması ən çox Ermənistana lazımdır

Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyaların 11-ci görüşü keçirilib. Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdiriblər. Dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimaldan cənuba, İranla sərhədə qədər aparılması barədə razılığa gəliblər. Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər. Qeyd edək ki, ötən dövr ərzində işğal altında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycanın suveren nəzarətinə qaytarılması təmin edilməklə, dövlət sərhədinin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası həyata keçirilib. 

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın Azərbaycana təcavüzündən  günümzədək münasibətlərin yenidən  qurulması və sərhədlərin müəyyən edilməsi istiqamətində müxtəlif ssenarilər müşahidə olunsa da, bu illər ərzində yalnız 13 km. uzunluğunda sərhədlər müəyyənləşdirilib. Ekspertin sözlərinə görə, bu, əslində o qədər də müsbət tendensiya sayılmır: 
"Demarkasiya və delimitasiya işlərinin aparılmasının ləngidilməsi Ermənistan hakimiyyətinin cəsarətsizliyi səbəbindən baş verir. Ermənistanda və xaricdə yaşayan erməni milliyətçi-faşist qruplaşmalar əllərindən gələni edirlər ki, proses uzansın və revanş üçün zaman qazanılsın. Bunu düşünənlər ya reallıq hissini tamam itiriblər, ya da münaqişənin davam etməsində şəxsi maraqları var. Eyni zamanda Ermənistanı bu dibsiz quyuya sürükləyənlər durmadan onları bizə qarşı silahlandırmaqla məşğuldurlar. Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev bölgədəki güc nisbətini açıqlayarkən Ermənistanın revanş cəhdinin xülya olduğunu dəqiq təhlillərlə bəyan etdi". 

V.Əfəndiyev vurğulayıb ki, hazırkı şəraitdə sərhədlərin müəyyən olunması ən çox Ermənistana lazımdır:
 "Azərbaycan tərəfi kontaktlara açıqdır. Şübhə yox ki, prosesin arzuolunan səviyyədə davam etməyəcəyi təqdirdə Azərbaycan məcburetmə taktikasına əl atmağa məcbur olacaq. Dünyada baş verən proseslər göz qabağındadır. Yeni sərhədlər çəkilir. Mümkündür ki, yeni dövlətlər yaradılsın. Ona görə də Ermənistan ağlını başına toplayaraq bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsini mütləq imzalamalıdır. Dünya xəritəsində yeni dövlətlər yarandığı kimi xəritədən silinən dövlətlər də ola bilər".