Bıçaqlı adamlar da çox gəncləşib -RƏY

Statistik rəqəmlər kifayət qədər üzücüdür və qarşısını almaq üçün mütləq real tədbir görülməlidir

Psixoloq: “Uşaqlar bəzən öz ailələrində özlərini təsdiq edə bilmədikləri zaman cəmiyyətdə bu və ya digər formada xof yaratmaqla bunu “kompensasiya” edirlər”

Hüquqşünas:  “Valideynlərin övladlarına qarşı biganəliyi, sosial media, televiziya və digər informasiya vasitələri gəncləri kriminal davranışlara sövq edir”

Son zamanlar ölkəmizdə məktəblilər, yeniyetmələr arasında bıçaqlaşma, bir-birinə xəsarət yetirmə halları artıb. Dövrün gəncləri və yeniyetmələri olduqca aqressivdir. Kimin sözü kimə xoş getmirsə, məsələni bıçaqla həll edir. Baş verən hadisələr orta məktəb şagirdləri, yeniyetmələr arasında kriminala meyilliliyin artdığından xəbər verir. Müasir həyatımızda məktəblini əlində çanta yox, bıçaqla təsəvvür etməyə başlamışıq.
Ekspertlər hesab edir ki, yeniyetmələrin üzərlərində bıçaq gəzdirmələri düşdükləri mühitdən, toplumdan asılıdır. 
Bəlkə də, yetkinlik yaşına çatmayan uşaqların cinayət əməlləri törətməyə meyillənməsi cəzasızlıq mühitinin hökm sürməsinin nəticəsidir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi yetkinlik yaşına çatmayanlara qarşı ağır cəza tətbiqi nəzərdə tutmur. 16 yaşınadək olan uşaqlara, ümumiyyətlə, heç bir cəza tətbiq edilmir.
16-17 yaş və 18 yaşa qədər olan uşaqlara yüngül cəzalar tətbiq edilir. Yalnız 18 yaşına çatmış şəxslərə qarşı sərt cəza tədbirləri nəzərdə tutulur. Bu da yeniyetmələrdə arxayınçılıq, məsuliyyətsizlik yaradır.
Elmi təhlillər isə onu göstərir ki, səbəblər əsasən, uşaqlar, yeniyetmələr arasında aqressiyanın artmasına səbəb kompüterə, sosial şəbəkələrə, internet resurslara və orada paylaşılan materiallara aludəlik, şiddəti təbliğ edən, şiddətə, zorakılığa yönəldən kompüter oyunları, uşaqların müəyyən qədər nəzarətsiz  qalması, küçədə, həyətdə yaşıdlarıyla mübahisə etməsi, valideynlər arasında ailədaxili münaqişələr, bir-biriylə yola getməmələridir. Bunlar uşaqların psixologiyasına mənfi təsir göstərir. Sosial şəbəkələrdə kriminal məzmunlu materiallar, uşaqların zorakılığa, yaşıdlarına öz gücünü, “nüfuzunu” göstərməyə meyillənməsinə səbəb olur.
Qeyd edək ki, ötən gün Sumqayıt şəhərində 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisə Kimyaçılar qəsəbəsində baş verib. 2008-ci il təvəllüdlü Emil Elçin oğlu Qələndərov çoxsaylı bıçaq zərbələri ilə öldürülüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı araşdırma aparılır.

Yeniyetmələrin kriminala meyilliliyindən danışan psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, yeniyetmələrin üzərlərində bıçaq gəzdirmələri düşdükləri mühitdən, toplumdan asılıdır: 
“Bunu bütün uşaqlara şamil etmək olmaz. Düşdükləri mühit necədirsə, uşaqlar da o mühitin qaydası ilə hərəkət edirlər. Həmin mühitdə kim nəyə müsbət baxırsa, o da ona müsbət yanaşır, kim nəyə mənfi yanaşırsa, o da onu mənfi hesab edir. Üzərində bıçaq gəzdirmək onların bir növ həmin cəmiyyətdə özlərini təsdiq etmək formasıdır. Uşaqlar bəzən öz ailələrində özlərini təsdiq edə bilmədikləri zaman cəmiyyətdə bu və ya digər formada xof yaratmaqla bunu “kompensasiya” edirlər. Bununla özlərini güclü sayırlar. Bu isə onlarda daxildəki “mən varam” şüarından qaynaqlanan aqressiyanı qidalandırır. Uşaqlar, yeniyetmələr belə hallarda daha da əsəbi olur, daha tez “alışır” və əsəblərini idarə edə bilmirlər”.

Psixoloq hesab edir ki, cəmiyyətdə kriminal aləmin “qəhrəman”ları haqqında istər mənfi, istərsə də müsbət məlumatlar yeniyetmələrə təsir edir:
 “Uşaqlar bu “qəhrəman”ları kumir kimi görür və onların təsirinə düşürlər. Kriminal şəxslər barəsində danışılan söhbətlər uşaqların psixoloji həssas dövründə ciddi təsir mühiti yaradır. Onlar da eşitdikləri, oxuduqları hadisələri sanki təkrarlamağa, kumir seçdikləri “qəhrəmanlar” kimi davranmağa can atırlar”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə “Sherg.az"a açıqlamasında deyib ki, valideynlərin övladlarına qarşı biganə yanaşması, sosial media, televiziya və digər informasiya vasitələri gəncləri kriminal davranışlara sövq edir:

 “Əvvəla onu deyim ki, qanunlarımız kifayət qədər sərtdir.  Cinayətkarlığın qarşısının alınması üçün tətbiq edilən normalar da müvafiqdir. 
Mən də təəssüflənrəm ki, ölkəmizdə kriminallaşma, cinayətkarlıq faktorları artmaqda davam edir və bu da hüquq-mühafizə, polis orqanlarının işini çətinləşdirir.
Bir tərəfdən də bu cür hadisələr cəmiyyətdə narahatlıq, ailələrdə faciələrin artmasına səbəb olur”. 

Ç.Qənizadə hesab edir ki, ailələr övladlarının davranışına, özünü aparmasına diqqət yetirməlidir:
 “Valideynlər arasında uşaqlara qarşı biganəlik var. Təhsil müəssisələrində də uşaqlara qarşı nəzarət  zəifdir. Məktəb pedaqoqlarının, psixoloqlarının fəaliyyəti qənaətbəxş deyil. Sosial şəbəkələrdə zorakılıq əlamətlərini özündə əks etdirən oyunlar,  filmlər, tik-tokerlər üzərindən olan çağırışlar da  yeniyetmələrin şüurlarına mənfi təsir edir. Bu mənada mövcud problemi həll etmək üçün konkret bir istiqamət axtarmaq mənasızdır. Məsələyə qlobal yanaşılmalıdır. Xüsusi dövlət proqramı hazırlanmalıdır, əgər varsa da, icrasına xüsusi nəzarət edilməlidir. Gələcəyimizi etibar edəcəyimiz gənclərə diqqəti artırılmalı, onları pis vərdişlərdən çəkindirməliyik. Soyuq silahlar gəzdirməklə bağlı müvafiq qanunvericilikdə sərtləşmələr olmalıdır. Cibində soyuq silah gəzdirənlərə qarşı sərt addımlar atılmalıdır. Mağazalarda satılan soyuq silahların mənbəyi araşdırılmalıdır. Hər halda statistik rəqəmlər kifayət qədər üzücüdür və qarşısını almaq üçün mütləq real tədbir görülməlidir”.