Tural Abbaslı: "Azərbaycan ictimaiyyəti Rusiyanın sərgilədiyi yanaşmaya hər zaman layiqli, tutarlı cavab verməlidir"

"Haqsız yerə, heç bir səbəb olmadan hücuma məruz qalan bizik"


Rusiyanın hakimiyyət dairələrinə yaxın bəzi dairələrin, media qurumlarının Azərbaycan əleyhinə kampaniyası davam edir, hətta ünvanımıza təhqirlər də səsləndirirlər. Azərbaycana qarşı bu həqarətlərin hakimiyyət dairələrinin iradəsindən kənarda olduğunu iddia etmək absurd olar. Əgər elə olsaydı, yəqin ki, onları da susdurardılar. Ancaq bu, baş vermir. Deməli, həmin şəxslər də nəzarətdədir və Azərbaycan xalqını onların dili ilə təhqir edirlər. Bu prosesi idarə edən, əli hər yerə çatan Federal Təhlükəsizlik Xidmətidir. Onlar gah Azərbaycanı neonasistlərin dili ilə hədələyir, gah da “Komsomolskaya pravda”da bir sifarişli mirzənin vasitəsilə uydurmalar qoşur, özlərini daha da gülüş vəziyyətə qoyurlar. Görünür, Rusiya özünə dost yox, düşmən axtarır və azsaylı dostlarını da itirməyi hədəfləyib. Hətta Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmalarında vurulduqdan, onlarla sərnişin həlak olduqdan sonra belə Azərbaycan tərəfindən Rusiyanın ünvanına təhqir, hədə səslənmədi. İnsanlar haqlı şəkildə nə baş verdiyini sual etdilər. Azərbaycan Prezidenti mediaya müsahibə verərək bu işdə məsuliyyətin, ədalətli istintaqın, günahkarların cəzalandırılmasının və zərər çəkənlərə kompensasiya ödənilməsinin vacibliyini diqqətə çatdırdı. Amma indi Rusiyada pilotların danışıqlarını yayaraq yenidən izi azdırmağa, məsələni əsas mətləbdən yayındırmağa çalışdıqları bəs deyil, hələ Azərbaycanı günahkar da çıxarmağa çalışırlar. Rusiya dost və qonşu dövlət kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, oyun oynamağa üstünlük verir. Məsələnin mahiyyəti Azərbaycan təyyarəsi vurulduqdan və idarəetməni itirdikdən sonra hansı hava limanına enmə qərarının kim tərəfindən qəbul edilməsi deyil, təyyarənin vurulmasıdır. Söyüş, təhqir söz bitən yerdə başlayır. Kimsə Rusiyadan belə ucuz davranış gözləmirdi. Boş və mənasız versiyalar ortaya atmaq, fikri başqa səmtə yönəltməkdənsə, pilotların danışıqlarında iki oturacağın partlamasının hansı səbəbdən baş verdiyi araşdırılsa, daha yaxşı olardı. Təyyarənin füzelyajında, sərnişinin bədənində aşkar olunmuş “Pansır” havadan müdafiə sisteminin qəlpələrinə izahat veriləydi. Buna görə də Rusiyadan gələn iyrənc sovet propaqandası, ucuz şoular heç cür qəbul oluna bilməz. Azərbaycan ictimaiyyəti Rusiya tərəfinin məsuliyyətli davranmasını, məsələ ilə bağlı ədalətli istintaq həyata keçirilməsini, cinayətkarların cəzalandırılmasını və kompensasiyaların ödənilməsini gözləyir.

AĞ Partiya sədri Tural Abbaslı "Sherg.az"a açıqlamasında deyib ki, əslində, son günlər Rusiyada bəzi dairələrin, televiziya kanallarının, medianın Azərbaycanı hədələməsi, təhqir etməsi Moskvanın ölkəmizlə münasibətləri korlamaq istəməsindən irəli gəlmir. Partiya rəhbərinin sözlərinə görə, Rusiyanın hazırda demək olar ki, bütün dünya ilə münasibətləri kifayət qədər gərgindir: 
"Belə məqamda Rusiyanın Azərbaycan kimi bir ölkə ilə əlaqələri korlaması, yəni dünyaya, Avropaya açılan pəncərəni qəsdən bağlaması Rusiyaya qətiyyən sərf etmir. O zaman sual yaranır ki, bəs Rusiyada hökumətə yaxın müəyyən şəxslərin, medianın aqressiyası nədən qaynaqlanır? Bilirsiz ki, Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından və qəzaya uğramasından sonra dövlət başçısı konkret mövqe ortaya qoydu. Prezident çox sərt ritorika ilə Rusiyadan həm üzr tələb etdi, həm də təzminat və günahkarların cəzalandırılması məsələsini gündəmə gətirdi. Yəni Azərbaycan rəhbərliyi öz qətiyyətini nümayiş etdirdi. Nəticədə Rusiya Prezidenti V.Putindən üzrxahlıq gəldi. Görünür, Rusiyada Azərbaycana qarşı hücuma keçənlərin, kampaniya başladanların məqsədi bundan sonra atılacaq addımları nisbətən yumşaltmaq məqsədi güdür. Yəni Rusiya etməli olduqlarını, üzərinə düşən öhdəlikləri yumşaltmaq istəyir. Azərbaycanla oturacaqları masada əllərini gücləndirmək niyyətindədirlər. Təyyarə məsələsində bir növ Azərbaycanın Rusiyaya qarşı haqlı narazılıqlarını neytrallaşdırmağa, qarşısını almağa çalışırlar. Əllərindəki kartları bərabərləşdirmək istəyirlər". 

T.Abbaslı diqqətə çatdırıb ki, Azərbaycan qətiyyən qərəzli deyil və tam haqlı mövqe sərgiləyir: 
"Bizim təyyarəmiz vurulub, vətəndaşlarımız həyatını itirib. Hələ də bu məsələdə məsuliyyəti olanlar üzə çıxarılmayıb, günahkarlar cəzalandırılmayıb. Əksinə, həlak olanların xatirələri ləkələnir. Onlara iftira, şər-böhtan ataraq, ekipajı "səhv" çıxartmağa səy göstərirlər. Ortada "qara qutu" və şahidlərin ifadələri var. Fakt odur ki, burada haqsız yerə, heç bir səbəb olmadan hücuma məruz qalan bizik. Günahkar isə Rusiyadır. Rusiyanın siyasi xarakteri, davranışları hər kəsə bəllidir. Sirr deyil ki, Rusiya hər zaman aqressiv siyasət yürüdüb. Bir məsəl var, "elə ki, oldun dəyirmançı, çağır gəlsin dən, koroğlu". Rusiya ilə həmsərhəd və qonşu olmanın gətirdiyi neqativləri yaşayırıq. Düşünürəm ki, Azərbaycan ictimaiyyəti olaraq Rusiyanın sərgilədiyi yanaşmaya hər zaman layiqli, tutarlı cavab verilməlidir".