20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gündür

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazılan 20 Yanvar faciəsi əzmkarlığın, vətənpərvərliyin qüdrətinin zəfər salnaməsidir. 20 Yanvar tarixi xalqın tarixində xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi mübarizənin şərəfli tarixidir. 20 Yanvar faciəsindən 35 il keçir. 1990-cı ilin 19 yanvar gecəsi sovet imperiyası Azərbaycana qoşun yeritdi. Həmin gecə törədilən faciə, hərbi təcavüz tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Azadlıq, müstəqillik mücahidlərinin qətlə yetirilməsi, yaralanması totalitar sovet rejiminin mahiyyətiydi; azərbaycanda milli-azadlıq hərəkatı rus imperiyasının siyasi dayaqlarını titrətdi.

Vaxt keçdikcə qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilən yanlış qərarlar, onların nəticələri olan ağır fəsadlar hələ dünyəvi qiymətini almasa da, mahiyyət pislənildi. Bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq xalqımızın göstərdiyi böyük qəhrəmanlıq hər bir azərbaycanlını qürurlandırır.

Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı idi. 20 Yanvar faciəsi sovet rejiminin erməniliyə meylinin, erməniliyə görə antiazərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu qırğın Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq üçün törədilmişdi. Sovet imperiyası Azərbaycan xalqının iradəsini qıra bilmədi.

Qanlı Yanvar milli-azadlıq hərəkatının daha da yüksəlməsinə səbəb oldu və nəticə etibarilə  Azərbaycanın müstəqilliyini bərpa etməsinin qarşısını ala bilmədi. 70 il ərzində müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan xalqımız nəyə qadir olduğunu sübut etdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədən ayırmaq, onu qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür.

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi MixailQorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusiqəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib. Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

O ağır günlərdə ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdi.

Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm...Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib. Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”.

1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verilib.

Milli Məclisin həmin Qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin” (https://e-qanun.az/framework/8820). 

Milli Məclisin qəbul etdiyi Qərarda 20 yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmçinin, şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.

Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi (https://e-qanun.az/framework/4690). Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı.

1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Ulu Öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”;

Ulu Öndər Heydər Əliyevin yolunu uğurla  cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına (https://e-qanun.az/framework/11356 ) əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 600 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

1990-cı ilin qanlı yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 yanvar ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir

Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. 
 
Mübariz İsmayılov,
20 Yanvar Cəmiyyətinin Binəqədi rayon şöbəsinin sədri