“Rusiyada müstəqil jurnalistika anlayışı çoxdan dəfn olunub”
“Rusiya regionda kövrək sabitliyi pozmaq və tərəfləri bir-birinə qarşı kökləmək istəyir”
Son günlər Rusiya ictimai-siyasi məkanında səslənən bəyanatlar və onlara verilən rəsmi reaksiyalar region ölkələrində ciddi müzakirələrə səbəb olub. Xüsusilə Kremlin təbliğatçısı kimi tanınan Vladimir Solovyovun Ermənistanla bağlı səsləndirdiyi fikirlər və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu bəyanatlara münasibəti diqqət mərkəzindədir.
Solovyovun Ermənistan ərazisində də “xüsusi hərbi əməliyyat”ın mümkünlüyü ilə bağlı açıqlaması, ardınca Zaxarovanın bunu “jurnalistin şəxsi rəyi” kimi təqdim etməsi həm Ermənistanda, həm də regionun digər ölkələrində etiraz və suallar doğurub.
Məsələyə münasibət bildirən erməni politoloq Vahram Atanesyan qeyd edib ki, bir ölkənin Xarici İşlər Nazirliyinin konkret media simasının sözlərini şərh etməsi özü-özlüyündə qeyri-adi haldır və Rusiyada “müstəqil jurnalist” anlayışının real məzmununu sual altına qoyur. Onun fikrincə, Kremlə yaxın media nümayəndələrinin daim hakimiyyətin ideoloji xəttinə uyğun danışması, əks mövqedə olan bloqer və jurnalistlərin isə təzyiqlərlə üzləşməsi bu məsələyə fərqli prizmadan baxmağı zəruri edir.
Mövzu ilə bağlı BDU-nun professoru, media eksperti Qulu Məhərrəmli Sherg.az-ın suallarını cavablayıb:
- Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Vladimir Solovyovun fikirlərini “jurnalistin şəxsi rəyi” kimi təqdim etməsini siz necə qiymətləndirirsiniz?
-Solovyovun səsləndirdiyi ittihamlar və verdiyi bəyanatlar çox düşündürücü məsələlərdir. Mariya Zaxarovanın bu kontekstdə əsas fəaliyyət istiqamətlərindən biri həqiqəti ört-basdır etməkdir. O, yalanlara don geyindirməyə və məsələnin əsl mahiyyətini gizlətməyə çalışır.
Onun Solovyovla bağlı verdiyi qiymətləndirmənin əsas məğzi ondan ibarətdir ki, guya Solovyovun səsləndirdikləri jurnalistin şəxsi rəyidir. Halbuki Solovyov kimi şəxslərin heç vaxt şəxsi mövqeyi olmur. O, açıq və ya gizli şəkildə hakimiyyətin verdiyi mesajları səsləndirir. Xüsusilə xarici siyasət və ölkədaxili məsələlərlə bağlı bəyanatları birmənalı şəkildə Kremlin mövqeyi kimi qəbul olunmalıdır.
Bunun əsas səbəbi onun Rusiya siyasi hakimiyyətinə yaxınlığıdır. Fəaliyyətinin sistemli şəkildə stimullaşdırılması, orden və medallarla təltif olunması və yüksək hakimiyyət dairələri ilə əlaqələri bunu açıq şəkildə göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, Solovyov yalnız və yalnız Rusiya hakimiyyətinin düşündüklərini ifadə edir. O, rəsmi şəkildə deyilməsi mümkün olmayan fikirləri səsləndirir. Onun əsas işi məhz bundan ibarətdir.
-Ümumiyyətlə, Kremlə yaxın media simalarının səsləndirdiyi bu cür fikirlərin rəsmi mövqedən kənar sayılması nə dərəcədə inandırıcıdır?
-Təbliğat və məlumatlandırma işində elə mexanizmlər mövcuddur ki, onların birbaşa hansı mənbədən qaynaqlandığını sübut etmək çətin olur.
Lakin məntiqi yanaşma bu qənaətə gəlməyə imkan verir. Hakimiyyətə yaxın media nümayəndələrinin verdiyi bəyanatlar formal olaraq şəxsi fikir kimi təqdim olunsa da, mahiyyət etibarilə Rusiyanın rəsmi mövqeyini ifadə edir. Bəzi hallarda bu bəyanatlar rəsmi açıqlamalarla ziddiyyət təşkil edə bilər. Belə vəziyyətlərdə bu, diplomatik və ya informasiya manevri kimi qiymətləndirilməlidir.
Bu səbəbdən əsas diqqət hakimiyyətə yaxın şəxslərin dediklərinə yönəldilməlidir. Məhz real mövqeni onlar ifadə edirlər.
-Rusiyada müxalif mövqeli jurnalist və bloqerlərin təqib edildiyi bir şəraitdə Solovyovun “müstəqil jurnalist” kimi təqdim olunması media etikası baxımından nə deməkdir?
-Rusiyada mətbuat azadlığı, müstəqil jurnalistika və müstəqil bloqerlik anlayışları çoxdan dəfn edilib.
Dövlət Dumasının azad sözə, Rusiyanın tənqid olunmasına və fərqli fikirlərə qarşı qəbul etdiyi qanunlar bunu açıq şəkildə sübut edir. Bu qanunlar ölkədə fikir plüralizminin olmadığını göstərir.
Bu baxımdan Solovyovun müstəqil jurnalist kimi təqdim olunması komik yanaşmadır və inandırıcı deyil.
-Azərbaycan mediası və ekspert icması bu tip açıqlamalara yanaşmada nəyə xüsusi diqqət yetirməlidir?
-Bəzən elə olur ki, bütün siyasəti və ya ekspert institutunu Solovyovun bəyanatları üzərinə kökləmək alınmır. Elə şeylər var ki, hər dəfə ona münasibət bildirmək olmur. Lakin, Solovyovun çıxışları daim izlənməli və öyrənilməlidir. Eləcə də onun yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq olunmalıdır.
Hazırda dezinformasiya dövründəyik. Eyni zamanda ideoloji və informasiya müharibəsi şəraitində yaşayırıq. Bu səbəbdən belə məsələlərə xüsusi diqqət yetirilməsi vacibdir. Xüsusilə regiondakı proseslər diqqətlə izlənməlidir. Aydın şəkildə başa düşülməlidir ki, regionda mövcud olan kövrək sabitlik Rusiya üçün sərfəli deyil. Rusiyanın əsas hədəflərindən biri Ermənistanı Azərbaycana qarşı kökləməkdir. Digər hədəf isə Rusiya ictimaiyyətini həm Ermənistana, həm də Azərbaycana qarşı kökləməkdir. Eyni zamanda Azərbaycan və Ermənistanın atdığı müstəqil addımları gözdən salmaq da bu siyasətin tərkib hissəsidir. Məhz buna görə də biz bu işi çox təmkinlə və ağıllı şəkildə aparmalıyıq.