Hər şey Rusiya-Ukrayna savaşından asılı olacaq 

Azər Rəşidoğlu: "Savaş bitənə qədər Qarabağla bağlı önəmli sənədin imzalana biləcəyinə inanmıram"

  Azərbaycan və Ermənistan arasında noyabrın sonuna və ya dekabrın əvvəlinə kimi sülh müqaviləsi imzalana bilər. Müqavilənin Tbilisidə imzalanması planlaşdırılır. Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, Gürcüstan ümumqafqaz sülhünün vasitəçisi və simvolu ola bilər. Qəzetin iddiasına görə, hazırda Gürcüstanda dövlət başçısı İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın görüşünə və sülh dövrünün başlanğıcını göstərən sənədin imzalanmasına fəal hazırlıq gedir: "Bu sənədin imzalanması Ermənistanın Qarabağdan rəsmi və qəti şəkildə imtinası olacaq. 

Ermənistan heç bir şəkildə Qarabağın işlərinə qarışmamağı öhdəsinə götürür. Qarabağ sakinlərinin Ermənistan vətəndaşlığından məhrum edilməsi və maliyyələşdirilməsi kəsiləcək. Qarabağın erməni sakinləri ya Azərbaycan vətəndaşlığını qəbul edəcək, ya da Ermənistana köçəcəklər. Azərbaycan istənilən növ muxtariyyətin əleyhinədir". "Hraparak" yazıb ki, müqavilə imzalanandan bir neçə saat sonra bəzi yaşayış məntəqələri boşalacaq: "Azərbaycan tələb edir ki, 1991-92-ci ilə qədər azərbaycanlıların yaşadığı, lakin hazırda Ermənistanın nəzarətində olan ərazilər dərhal ermənilər tərəfindən azad edilməlidir". 

  Politoloq Azər Rəşidoğlu "Şərq"ə bildirib ki, Tbilisidə belə tezliklə sülh müqaviləsi istiqamətində sənədin imzalanacağı o qədər də inandırıcı deyil. Siyasi şərhçinin fikrincə, daha yaxşı olardı ki, Gürcüstan, Azərbaycan və Ermənistan arasında XİN rəhbərləri və yaxud prezidentlər ranqında görüş keçirilsin: 

"Cənubi Qafqazda sabitlik mövzusunda belə görüşlər təşkil edilər bilər. Lakin Rusiya buna imkan verməyəcək. Kreml “Qafqaz Evi”nə qarşıdır və bunu açıq bəyan edir. Sülh müqaviləsinin belə tezliklə Tbilisinin moderatorluğu ilə imzalanacağı ehtimalı isə inandırıcı deyil. Bölgədə maraqları olan Qərb və Rusiya imkan verməzlər ki, Tbilisidə belə bir saziş imzalansın. Düşünürəm ki, tərəflər Brüssel və Moskvada çoxsaylı görüşlər keçirəcəklər. Lakin sülh sazişinin imzalanması yubanacaq. 

Hər şey Rusiya-Ukrayna savaşından asılı olacaq. Bu savaş bitənə qədər Qarabağla bağlı önəmli sənədin imzalana biləcəyinə inanmıram".