Son sözü xalq deyəcək: İran parçalandıqdan sonra üç versiyadan biri reallaşacaq



  İranda etirazlar gərgin mərhələyə qədəm qoyub. Baş verən proseslərin ölkədə rejim dəyişikliyinə, hətta İranın parçalanmasına gətirib çıxaracağı, müstəqil dövlətlərin yaranacağı deyilir. Ölkənin bütün şəhərlərində gerçəkləşən etirazlar daha bir “xalqlar həbsxanası”nın dağılacağını gündəmə gətirir. Fars şovinistlərinin digər xalqlara qarşı yürütdüyü ayrı-seçkilik siyasəti artıq öz nəticələrini açıq şəkildə göstərməkdədir. Müşahidələr göstərir ki, hazırda İran cəmiyyətinin bütün təbəqələri, hərbi rəhbərlik də daxil olmaqla Tehran rejimi ilə qarşıdurma vəziyyətindədir. 

  Politoloq Samir Hümbətov "Şərq"ə açıqlamasında vurğulayıb ki, İranda baş verən kütləvi etirazlar fonunda bir sıra versiyaların olması qətiləşməyə doğru gedir. Analitikə görə, etiraz aksiyaları fonunda gözləmək mümkündür ki, İranın şimal hissəsində yaşayan Azərbaycan türkləri üç formadan birini qəbul etsin: 

"Birincisi, federal idarəetmə sistemi içərisində böyük əksəriyyətlə hakimiyyətin qurulmasıdır. İkincisi, tam müstəqilliyin əldə edilməsi və Cənubi Azərbaycan Respublikasının yaradılmasıdır. Üçüncüsü isə İrandan ayrılaraq Azərbaycan Respublikasına birləşməsi və bütöv Azərbaycan halına gəlməsidir. Əlbəttə, hər üç versiya üzərində ehtimallar mövcuddur. Amma məsələnin digər bir tərəfi beynəlxalq güclərin üçüncü versiyanın reallaşması ilə bağlı hansı reaksiyanı göstərməsidir. Yəni böyük güclər İranın parçalanması fonunda sözügedən ərazilərin Azərbaycana birləşməsinə imkan verəcəklərinə inamın az olmasıdır. Sözsüz ki, burada son sözü xalq deyəcək. 

Əgər üçüncü versiya olmasa, ikinci versiya da bizim üçün məqbul hesab edilir. Onun reallaşması gələcəkdə birləşmə ehtimallarını gücləndirə bilər. 

Təbii ki, burada da siyasi proseslərin gedişindən çox məsələlər asılıdır. Birinci versiyaya gəldikdə isə bunu son gözlənti kimi dəyərləndirmək olar ki, bu da özlüyündə gələcəkdə müəyyən perspektivlər vəd edə bilər. Hər vəziyyətdə İranın parçalanması həm Azərbaycan, həm də türk dünyası baxımından önəmli addım ola bilər".