Dövlət Komitəsinin sədri Estoniyada Azərbaycan uşaq bağçası və azərbaycanlı rəssamın emalatxanasında olub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Estoniyada Dostluq Parkını, Azərbaycan uşaq bağçasını, “Rauf Avşar” Kukla Teatrını və azərbaycanlı rəssamın emalatxanasını ziyarət edib.

"Report" xəbər verir ki, ilkin olaraq komitə sədri Tallin şəhərində Estoniya-Azərbaycan Dostluq Parkında olub.

Parkla tanışlıq zamanı Estoniya-Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri Niyazi Hacıyev bu istirahət məkanının yaradılması tarixi barədə qonaqlara ətraflı məlumat verib. Parkın girişində qurulan lövhədə ümummilli lider Heydər Əliyevlə Estoniyanın sabiq prezidenti Lennart Meri arasında 1995-ci ildə Nyu-York şəhərində keçirilən görüşün fotoşəkli, Azərbaycan, eston və ingilis dillərində Azərbaycan Respublikası, o cümlədən Bakı haqqında məlumat yerləşdirilib. Eyni zamanda Suraxanı və Kristiine rayonlarının dostluq münasibətlərini tərənnüm edən Azərbaycan milli ornamentlərinin əks olunduğu daş döşəmə salınıb.

Komitə sədri burada sabiq dövlət naziri, Estoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri, Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini Mihail Korb, Tallinn şəhərinin vitse-meri Vadim Belobrovtsev, Kristiine rayonu icra başçısı Jaanus Riibe və müavini Natalja Gromovaja ilə görüşüb. Estoniyalı rəsmilərlə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri, Komitənin fəaliyyət istiqamətləri, Estoniyadakı mədəni müxtəlifliyə Azərbaycan diasporunun töhfələri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün yekununda Komitə sədri Estoniyanın TVN kanalının rəhbəri Oleq Besedinə müsahibə verib.

Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan uşaq bağçasına gələn komitə sədri və Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov öncə bu tərbiyə ocağının önündə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın büstünü ziyarət ediblər. Büstün önünə gül dəstələri düzülüb, akademikin xatirəsi ehtiramla yad olunub.

Qonaqlara uşaq bağçasının yaradılması tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib, burada yaradılmış şəraitə baxış keçirilib.

“Rauf Avşar” Kukla Teatrında qonaqları bədii rəhbər, Azərbaycanın əməkdar artisti Rauf Avşarov və onun xanımı, teatrın quruluşçu rəssamı Xatirə Avşarova qarşılayıblar. Görüşdə teatrın 1996-cı ildən Estoniyada fəaliyyətə başladığı, öz binasının olmamasına baxmayaraq, yerli ictimaiyyət arasında kifayət qədər tanındığı, 3 dildə tamaşalar təqdim etdiyi, Azərbaycan mədəniyyətinin və teatr sənətinin təbliği istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verilib.

Rauf Avşarın səhnələşdirdiyi “Məşədi İbad” tamaşasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Bakıda Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları üçün nümayiş etdirildiyini xatırladan Komitə sədri Estoniyada Azərbaycan mədəniyyətinin təbliği istiqamətində teatrın fəaliyyətini yüksək qiymətləndirib.

Komitə sədri Estoniyada fəaliyyət göstərən Azərbaycan Yaradıcılıq Mərkəzinin sədri, tanınmış azərbaycanlı rəssam Rövşən Nurun (Quliyevin) emalatxanasını da ziyarət edib. Bu ziyarətə görə qonaqlara minnətdarlığını ifadə edən rəssam milli və müasir ruhda Azərbaycana həsr etdiyi əsərləri, kataloqu və bu yaxınlarda Şuşada çəkdiyi etüdləri təqdim edib, gələcək planları barədə məlumat verib.

Estoniyada Azərbaycanın rəssamlıq məktəbini yüksək səviyyədə təmsil etdiyi üçün rəssama təşəkkürünü bildirən Komitə sədri onun yaradıcılığını və fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. Avropanın bir parçası olan Estoniyada Azərbaycan mədəniyyətinin, rəssamlıq sənətinin təbliğinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib və rəssama yeni yaradıcılıq uğurları arzulayıb