“Hətta bacarsa, onun bölgədəki hakim təsirini birdəfəlik məhv edər”
“Çünki yaxşı bilirlər ki, Rusiyanı bir müddətlik gücdən salmaq heç də onların bütün milli maraqlarını təmin etmir”
"Polşa-Rusiya münasibətləri 2-ci Dünya müharibəsi zamanı parçalanıb. Səbəbin biri Almaniya, digəri isə Rusiya idi".
Bunu "Sherg.az"a siyasi şərhçi Həşim Səhrablı Polşanın Rusiyaya nota verməsindən danışarkən deyib.
O bildirib ki, Polşa və Rusiyanın biri-birinə qarşı tarixi düşmənçiliyi hər müstəvidə ölkələr arasında gərginliyə səbəb olur:
"Son vaxtlar isə rəsmi Moskvanın tarixən davam edən Şərqi Avropanı işğal etmək siyasətinin alovlanması artıq Polşada da səbirləri son həddə çatdırıb. Ona görə də rəsmi Varşava indi anti-Rusiya addımlarını daha da ağırlaşdırmağa məcburdur.
Bunu Polşaya raket düşməzdən əvvəl də görürdük. Rəsmi Varşava israrla Ukraynanın müdafiəsi üçün dünyada təbliğat aparır. Özü də əlindən gələn qədər dəstək verir. İndi oraya düşən raketlər Rusiyadan yox, Ukraynadan atılıb. Amma hazırda başqa bir bəhanə və səbəblər göstərirlər.
Deyirlər ki, Rusiya əməliyyatları aparmasa idi, Ukrayna heç o silahları aktiv etmək məcburiyyətində qalmazdı. Polşa öz siyasətini anti-Rusiya prizmasından davam etdirir.
Bundan sonra da elə iki ölkə arasındakı münasibətlər elə məlum səviyyədə davam edəcək. Rəsmi Varşava hər vəziyyətdə Rusiyanı maksimum dərəcədə zəiflətməyə çalışacaq. Hətta bacarsa, onun bölgədəki hakim təsirini birdəfəlik məhv edər. Çünki yaxşı bilirlər ki, Rusiyanı bir müddətlik gücdən salmaq heç də onların bütün milli maraqlarını təmin etmir.
Rusiyada şovinist ideyalar heç vaxt aradan qalxmır. Buna görə də rəsmi Moskva Polşa üçün milli kimlik və təhlükəsizlik məsələsidir. Polşa ərazisinə raket düşməsi də bir bəhanə kimi istifadə olunacaq. Bu da Rusiya əleyhinə kampaniyaların genişləndirilməsinə səbəb yaradacaq".
Qeyd edək ki, Polşa Rusiyaya nota verib. Bu barədə nazirliyin mətbuat katibi Lukaş Jasina məlumat yayıb. O diqqətə çatdırıb ki, Rusiyanın Polşadakı səfiri Sergey Andreyevə vəziyyəti və məsələyə rəsmi Varşavanın münasibətini təsvir edən diplomatik nota təqdim edilib.