"Böyük Britaniyanın yeni baş nazirinin Ukrayna barədə yürüdəcəyi siyasəti maraqlı idi. Bəlli oldu ki, Böyük Britaniyanın Ukrayna-Rusiya məsələsindəki xətti dəyişməyəcək".
Bunu "Sherg.az"a açıqlamasında beynəlxalq məsələlər üzrə şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidməti rəhbəri Əziz Əlibəyli deyib.
Siyasi şərhçinin fikrincə, müharibənin ilk vaxtlarından bəri Ukraynanın ən ciddi müttəfiqi Böyük Britaniyadır:
"London Kiyevə eyni səviyyədə dəstək verməyə davam edəcək. Rişi Sunakın Kiyevə səfəri Polşanın bombalanmasından ( red. Rusiya Müdafiə Nazirliyi Polşa KİV-inin və rəsmilərinin guya Rusiya raketlərinin Pşevodov ərazisinə düşməsi ilə bağlı bəyanatlarını təxribat adlandırıb) sonra gerçəkləşdi. Rusiyanı ittiham etdilər. Lakin səbəb yoxdu deyə ciddi irəliləyiş olmadı. Rusiya intensiv bombardman prosesinə start verdi.
Bombardman qarşılığında hətta son zamanlar Ukraynanın başlatdığı əks - hücum əməliyyatı dayandı. Böyük Britaniya da Ukraynanın köməyinə çatdı. Hava müdafiə sistemlərinin verilməsi ilə bağlı qərarı açıqladı. Təkcə bu il Britaniya Ukraynaya 2,3 milyard funt -sterlinqdən çox hərbi yardım edib. Hələ əlavə hava hücumuna qarşı dəstək, o cümlədən 120 xüsusi zenit silahı, həmçinin pilotsuz uçuş aparatları verəcəklər".
Qeyd edək ki, noyabrın 19-da Böyük Britaniyanın baş naziri Rişi Sunak öncədən elan olunmamış bir səfərlə Kiyevə gedib. ilk telefon danışığı zamanı Volodimir Zelenski Sunakı Ukraynaya dəvət etmişdi və o, yaxın gələcəkdə ölkəyə səfər niyyətini təsdiqləmişdi.