Öndə gənclərdir

İranda baş verən hadisələr xarici güclərin də maraq dairəsindədir

Hətta bir neçə yüksək rütbəlinin xalqın tərəfinə keçməsi gözlənilir

  Tehran və İranın digər şəhərlərdə etiraz aksiyaları davam edir. İsfahan, Təbriz, Kərəc və Tehranda gecə saatlarında səssiz yürüş keçirilib. Universitetlərdə keçirilən aksiyalarda isə saxlanılmış tələbələrin azadlığa buraxılması tələb olunub. Eyni zamanda 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günündə İranda ümummilli etirazlara dəstək olaraq bır sıra ölkələrdə aksiyalar keçirilib. Etirazların 13-cü həftəsində öldürülən nümayişçilərin sayı 485-ə çatıb. Öldürülənlərdən 68 nəfərin uşaq və yeniyetmə olduğu bildirilir. 143 universitetdə keçirilən tələbə aksiyaları zamanı 620 tələbə saxlanılaraq həbsxanalara aparılıb. İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi etirazçılara sərt davranılacağını açıqlayıb. Bildirib ki, edam hökmləri ilə bağlı beynəlxalq təzyiqlərə əhəmiyyət verilməyəcək: "Beynəlxalq reaksiyalar İran məhkəmə sistemi məsullarının qəti cəza tədbirləri ilə bağlı iradələrinə təsir göstərə bilməyəcək. Media hücumuna baxmayaraq, hökumət etirazçılara qarşı sərt mövqe nümayiş etdirəcək”. İranın Qərbi Azərbaycan vilayətinin Sərdaş şəhərində keçirilən aksiyalar zamanı həbs edilən Şəhriyar Adeli adlı gənc öldürülüb. Məlumata görə, Ş.Adeli İran rejiminin amansız işgəncələri altında həlak olub. İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə etiraf edib ki, bir sıra sahələrdə problemi həll etmək qüdrətinə malik deyillər. Onun sözlərinə görə, yenilik cəsarət tələb edir: "İslahat və yenilik riskli işdir. Cəsarətli və yaradıcı qüvvələrə ehtiyacımız var. İdarəetmə sistemi bu cəsarəti dəstəkləməlidir. Transformasiyaya və yeniliyə sahib olmaq bunu tamamlayır. Parlament sədri söyləyib ki, problemi həll etmək gücündədirlər, lakin bunu vaxtında etməyiblər, sonradan atılan addımlar isə öz dəyərini itirir. 
Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell İrana qarşı növbəti sanksiyaların tətbiq olunacağını bildirib. Ötən həftə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığını xatırladan Borrell deyib ki, o, danışıq zamanı qarşı tərəfə Aİ-nin narahatlığını çatdırıb və bildirib ki, Aİ İrandakı edamları qəti şəkildə pisləyir: "Bu gün İrana qarşı qəbul ediləcək sanksiyalar həm humanitar səbəblərdən, həm də İranın Rusiyaya verdiyi dəstəyə görə tətbiq olunacaq. İrana qarşı çox sərt sanksiyalar paketini təsdiqləməyə hazırlaşırıq. İran XİN başçısı ilə heç də asan dialoqum olmadı. İran anlamalıdır ki, Aİ bu ölkədə baş verənləri qəti şəkildə pisləyir, İran qadınlarını, dinc nümayişçiləri dəstəkləmək üçün əlimizdən nə gəlirsə edəcəyik".
  Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Tural İrfan "Şərq"ə deyib ki, İranda baş verən hadisələr xarici güclərin də maraq dairəsindədir. Analitikə görə, proseslərdə vaxtilə İran rejimini quran güclərin rolu da böyükdür: "İran rejimi həm xarici, həm də daxili siyasətdə iflasa uğrayıb. Artıq İran valyutası öz dəyərini itirir. Daxildə çaxnaşmalar əvvəl təkcə hicab məcburiyyətinə, öldürülən insanlara görə idisə, indi artıq sosial problemlər də buna əlavə olunub. İran demək olar ki, bütün dünyanı özünə düşmən edib, öz xalqını amansızcasına məhv edir. Bu da müsəlman dövlətlərini hiddətləndirir. Məsələ budur ki, ali dini mərkəz ilə hökumətin arasında vəhdət var. Yəni eyni ideoloji xətt üzrə hərəkət edirlər. Və ali dini mərkəz daha mühafizəkardır. Bütün qanunların qəbulu, xalqa verilən işgəncələrin hamısı ali dini mərkəz tərəfindən idarə olunur. Hakimiyyəti devirməyə xalqın da kifayət qədər gücü və iradəsi var. Artıq iğtişaşlar başladığı zaman kəsimi elə bir uzun müddəti ehtiva edir ki, rejimin laxlamasını deməyə əsas var. Lakin xarici gücləri maraqlandıran hazırkı rejimin çökməsi yox, onun əvəzinə qurulacaq hakimiyyət və İran dövlətinin parçalanması məsələsidir. Məsələn, bu məsələdə şübhəsiz ki, Fransa ilə ABŞ-nin mövqeyi fərqlidir. Türkiyə və Azərbaycanın mövqeyi də fərqlidir. Şübhəsiz, biz Güney Azərbaycanın müstəqilliyini və soydaşlarımızın azadlığını müdafiə edirik. Lakin Fransa kimi dövlətlər hazırkı rejimin qalmasında maraqlıdır. Ona görə ki, bu rejimi quranların biri də Fransadır və Türkiyə, Azərbaycan əleyhinə İranın çıxışlarının Fransa ilə üst-üstə düşməsi heç də təsadüf deyil".
  T.İrfan vurğulayıb ki, xarici güclər İranın parçalanması və ya rejimin getməsi məsələsində razılaşmalıdır ki, məsələ bitsin: "Hələ ki bu razılıq yoxdur. Məsələn, İsrail hər cür vəchlə ABŞ-nin hətta hərbi müdaxiləsində təkid edir. Rusiyanın da öz maraqları var. Xülasə olaraq demək olar ki, İranda hakimiyyətin və ali dini mərkəzin islahata getməsi və ya xoşu ilə xalqın rəyinə uyğun addım atması artıq gecdir. Bu fürsəti onlar aylar öncə qaçırdılar. Artıq kifayət qədər insan tələfatı, edam edilənlər var. İrandan demək olar ki, farslar da daxil olmaqla bütün xalq İran rejiminə, hazırkı din adı altında qurulmuş rejimin getməsini tələb edir. Demək tələb yerinə yetməyincə, bu, davam edəcək. Xarici güclər də öz hesablarını xalqın bu rəyinə əsasən aparacaqlar. Hesab etmək olar ki, xalqın sakitləşməsi mümkün deyil, bundan sonra təxminən səkkiz ay bu vəziyyət davam edəcək. Sonda rejim bir neçə aldadıcı manevrlər etməklə xalqın könlünü almağa faydasız cəhdlər edəcək. Hətta bir neçə yüksək rütbəlinin xalq tərəfə keçməsi də gözlənilir. Bundan sonra rejim çökəcək. Ancaq İranın parçalanmasına ümid hələ ki, azdır. Ona görə ki, qalxınma hələ milli mübarizə və xalqların müstəqillik tələbi formasını almayıb və ortada liderlər yoxdur".
  T.İrfan qeyd edib ki, Güney Azərbaycan əhalisinin liderinin ortaya çıxmaması gələcəkdə məsələ milli müstəqillik mövzusuna keçəndə qorxulu hal ala bilər: "Farslardan, kürdlərdən lider çıxa bilər və 1979-cu ildə olduğu kimi azərbaycanlıların inqilabını oğurlayarlar. Necə ki o zaman da inqilabı Təbriz başlatdı, Ayətullah Şəriətmədari başçılıq etdi, sonda isə Fransa və başqa güclər Xomeynini gətirib Şəriətmədarini aradan götürdülər və Güney Azərbaycan məsələsi basdırıldı. Ona görə xarici güclərin vahid İran üçün lider qondarmasından əvvəl hər xalq öz liderini seçməlidir. Əks halda İranın parçalanmasının əleyhinə olan güclər keçmiş şah kimi öz adamlarını da gətirib oturda bilərlər və o rejim bundan daha betər ola bilər".