Savaş uzanacaq

Şərtlər sülhdən çox müharibənin mesajını verir

Nə qədər ki, Ukraynaya Qərbin dəstəyi var, Putinlə Zelenski anlaşmayacaq

  Ukrayna prezidenti müharibəni dayandırmaq üçün 10 kritik addımı nəzərdə tutan sülh formulunu təqdim edib. Prezident ofisinin rəhbəri Andrey Yermak diplomatlara planı təşkil edən məqamlar barədə ətraflı məlumat verib. Vurğulayıb ki, Ukrayna bütün beynəlxalq görüşlərdə, dəyirmi masalarda sülh formulunu təbliğ edir. Onun sözlərinə görə, Ukraynanın sülh formulu elə qurulub ki, müharibəyə son qoyulsun və təcavüzün təkrarlanması, ərazilərin ələ keçirilməsi, həmçinin nüvə, ərzaq şantajı və ətraf mühitə ziyan vurulması mümkünsüz olsun: 

"Ukrayna G7-yə üzv ölkələrin sülh formulunun dəstəyinə ümid edir və dövlətləri onun müəyyən bəndlərinin həyata keçirilməsində lider olmağa dəvət edir. Bundan əlavə, biz formulun həyata keçirilməsi üzərində işləmək üçün diplomatik prosesin başlanmasına təşəbbüs göstərəcəyik. İlk praktiki addım liderlərin sülh naminə birlik nümayiş etdirmək üçün görüşü ola bilər". Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Zelenskinin təklifləri sülhə deyil, hərbi əməliyyatların davam etməsinə yönəlib: "Kreml belə hesab edir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sülhə doğru addımlar atmaq üçün irəli sürdüyü təkliflər hərbi əməliyyatların davam etməsinə aparıb çıxarır". Peskov deyib ki, ilin sonuna kimi Ukraynadan qoşunların çıxarılmasından söhbət gedə bilməz. Eyni zamanda o vurğulayıb ki, sülhə nail olmaq üçün Rusiyaya yeni regionların daxil olması ilə bağlı yeni reallıqları nəzərə almaq lazımdır: "Ukrayna tərəfi bütün bu müddət ərzində formalaşmış reallıqları nəzərə almalıdır. Bu reallıqlar göstərir ki, Rusiya Federasiyasının yeni subyektləri var, onlar bu ərazilərdə keçirilən referendumlar nəticəsində yaranıb. Bu yeni reallıqları nəzərə almadan nizamlanma üzrə hər hansı irəliləyiş mümkün deyil”. 

  Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədən sonrakı vəziyyət haqqında danışıb. Zelenski qələbədən sonrasını düşünmədiyini, lakin o vaxta qədər vəzifəsində qalacağını bildirib: 

"Qələbəmizə qədər mən mütləq prezident olacağam. Sonrasını heç düşünmürəm. Hələ düşünmürəm, hazır deyiləm. Açığını deyim, David, mən dənizə getmək istəyirəm. Müharibədə qələbə qazanandan sonra dəniz və pivə içmək istəyirəm”. Onun fikrincə, Ukraynada müharibə Putin öləndə bitəcək. 

Zelenski ilə ABŞ rəhbəri Co Bayden arasında telefon danışığının təfərrüatı da məlum olub. Liderlər gələcək silah tədarükü və enerji yardımını müzakirə ediblər. Zelenski ABŞ-nin Ukraynaya göstərdiyi misilsiz müdafiə və maliyyə yardımına görə təşəkkürünü ifadə edib: 

"Biz Amerikanın Ukraynanın enerji sisteminin bərpası üçün göstərdiyi yardımı da yüksək qiymətləndiririk. Bu sahədə əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirəm. Mən Ukrayna üçün effektiv hava hücumundan müdafiə sisteminin formalaşdırılmasının vacibliyini qeyd etdim". O vurğulayıb ki, Ukraynanın mülki əhalisini və mühüm infrastrukturunu qorumaq üçün mümkün olan hər şeyi etmək lazımdır: "Ukraynanı lazım olduğu qədər dəstəkləməyə hazır olduğunuzu təsdiq etdiyinizə, eləcə də Birləşmiş Ştatların aydın və ardıcıl öhdəliyinə görə təşəkkür edirəm". 
  Ukrayna prezident ofisinin rəhbəri Andrey Yermak isə tviter səhifəsində yazıb ki, V.Zelenski Co Baydenlə söhbəti zamanı qlobal sülh sammitinin təşkilinin lehinə danışıb. O, Ukraynanın sülhə nail olmağa çalışdığını və bu məqsədə çatmaq üçün beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. 

  Politoloq Azər Qasımov "Şərq"ə deyib ki, Ukrayna müharibəsinin amansız şəkildə davam etdiyi dövrdə tərəflərin ritorikasındakı süni sülh çağırışlarının səmimi olmasını kimsə gözləmir. Analitikə görə, irəli sürülən şərtlər isə sülhdən çox müharibənin davam edəcəyi mesajını verir: 

"Ukrayna dövləti və xalqı adından Prezident Zelenski tərəfindən irəli sürülmüş şərtlərin haqlı tərəfləri var. Onun Putinin ölməsindən danışması da təbiidir, çünki müharibə ayaqda qalmaq uğrunda deyil, ölümünə gedir. Hazırda Baxmut, Melitopol uğrunda gedən döyüşlərdə hər iki tərəfdən gündəlik yüzlərlə insan mənasız yerə həlak olur. Ukrayna tərəfdən buna öz torpaqları uğrunda həlak olmaq kimi şərəfli ölüm deyə bilsək də, rus əsgərinin ölümü mənasızdır. O baxımdan Putin və digər rəhbər şəxslərin ölümündən sonra müharibənin dayanmasını proqnozlaşdırmaq təbii və adi fikirdir. Qərbin Ukrayna müharibəsinin bitməsində maraqlı olmaması Rusiyanı müharibəyə şirnikləndirməklə onu oyuna salmasından aydındır. Müharibənin uzanması Rusiyanın məhvinin məntiqi davamıdır. Qərbdən bəzi dairələrin Ukraynaya danışıqlar üçün müəyyən təzyiqlərin edilməsinin səbəbləri isə Ukraynaya edilən maddi və hərbi yardımın çox olması və bundan istifadə edən həmin dairələrin Amerikadaxili siyasətdə üstünlük əldə etməsi cəhdidir".
  A.Qasımovun fikrincə, Rusiya ilə sülhün mümkünlüyü indiki şərtlər daxilində və indiki rəhbərliklə mümkün deyil: "Sülhdə nə Rusiya, nə də Ukrayna tərəfi maraqlıdır. Bu məqamda bağlanan sülh müqaviləsi müharibəni bitirməyə yox, daha kəskin və uzunmüddətli gərginliyə hesablanmış addım olacaq. Rusiya bunu yenidən toparlanmaq üçün istifadə edəcək. Sadəcə kapitulyasiya aktı Kremli geri addım atmağa məcbur edər ki, bu da mümkünsüz kimi görünür. Rusiya ən azı işğal etdiyi ərazilərdən çıxarılmalıdır. Bunun özü rus ayısının pəncəsinin kəsilməsinə bəs edəcək. Sonra Rusiyadaxili çaxnaşmalar onların özlərinə verəcəyi ən yaxşı cəza olacaq".