Qara dəniz vasitəsilə sualtı kabel çəkiləcək

Dördtərəfli saziş regionda "yaşıl enerji"nin inkişafı və ixracı ilə bağlı yeni imkanlar yaradacaq

  Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Rumıniyanın paytaxtı Buxarestdə baş tutan imzalanma mərasimində sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rumıniya Baş naziri Nikolae-Yonel Çuke və Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. Saziş dörd ölkənin milli və regional enerji təhlükəsizliyinin və Qara dəniz hövzəsində əlaqənin gücləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə dair maraqları nəzərə alınmaqla hazırlanılıb. 

Qeyd olunub ki, hökumətlərarası saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin edəcək. Əlavə olunub ki, bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql ediləcək. Əlavə olunub ki, Qara dənizin dibi ilə elektrik enerjisi kabelinin çəkilməsi layihəsi daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin iştirakı ilə Avropa İttifaqı ilə Azərbaycan arasında əldə edilmiş razılaşmanın tərkib hissəsidir. 

  Ekspertlər vurğulayıb ki, Avropanın enerji təhlükəsizliyinə yaranan təhdidlər qitə ölkələrini alternativ mənbələr axtarmağa vadar edir. Amma hazırkı geosiyasi vəziyyətdə Avropa üçün etibarlı tərəfdaş tapmaq çətindir. Çünki bir çox qaz və neft ölkəsi enerji resurslarından iqtisadi və siyasi təzyiq vasitəsi kimi istifadə edir. Bu isə Avropanın enerji təhlükəsizliyinə böyük təhdidlər yaradır. Amma ölkəmiz Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP layihələrini uğurla həyata keçirməklə özünü Avropanın enerji bazarında etibarlı tərəfdaş kimi təsdiqləyə bilib. 

Bu səbəbdən, Avropa ölkələri Rusiya-Ukrayna müharibəsi fonunda qitəni təhdid edən enerji böhranına görə yenidən etibarlı tərəfdaş olan Azərbaycana üz tuturlar. Bununla da Azərbaycan-Avropa İttifaqı enerji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyub. Artıq 2022-ci ilin iyul ayından bəri Azərbaycanla-Avropa dövlətləri arasında enerji sahəsində 1 layihənin açılışı olub və 2 müqavilə imzalanıb. 
  Rumıniyanın enerji sahəsində nüfuzlu eksperti Mihai Nikuts isə əlavə edib ki, bölgənin elektrik enerjisi istehsalı baxımından sıxıntılarını nəzərə alsaq, Rumıniyada imzalanan Saziş enerji balansını tarazlaşdırmaq üçün bir şansdır. Həmçinin Şərqi Avropada istehsal edilən enerjinin böyük bir hissəsi fosil mənbələrdən gəlir və sonda istifadədən çıxarılmalı olacaq: "Aİ-nin Rusiyadan qaz və neft məhsullarının idxalını dayandırmasını nəzərə alsaq, Azərbaycan Rumıniya və Avropa üçün zamanla daha çox əhəmiyyət kəsb edəcək. Azərbaycan boru kəmərləri vasitəsilə artıq Avropaya qaz ixrac edən ölkədir və ümid edirik ki, TAP boru kəmərinin gücü iki dəfə artdıqdan sonra daha çox qaz ötürüləcək”. 

Rumıniyada nəşr olunan nüfuzlu “Geopolitika” jurnalının baş redaktoru, professor Vasile Simileanu isə əlavə edib ki, bu layihənin gerçəkləşdirilməsi Avropa İttifaqı üçün faydalı təsirləri olan, imzalayan dövlətlərin nüfuzunu artıracaq cəsarətli bir addımdır: "Dörd dövlət bu layihə nəticəsində enerji müstəqilliyi qazanacaq, yeni iş yerlərinin yaradılmasına nail olacaq. Xüsusilə, enerji sahəsində ehtiyatları olmayan Macarıstan üçün layihənin əhəmiyyəti böyükdür. Azərbaycan öhdəliklərini yerinə yetirərək etibarlı tərəfdaş kimi çıxış edir. Eyni zamanda ölkəniz enerji resursları, xüsusilə də təbii qaz və neft bazarında aparıcı rol oynayır. Buxarestin təşəbbüsü təhlükəsizliyimizi digər dövlətlərlə müqayisədə artıracaq. Azərbaycan öz enerji resursları ilə mühüm müqavilələr bağlayıb ki, bu da dünyada danılmaz faktdır. Azərbaycan Şərqi Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya dövlətləri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün körpüdür, Türkiyə ilə birgə əksəriyyəti tamamlanan mühüm layihələrin təşəbbüskarı olan türkdilli dövlətdir. Azərbaycan bundan sonra da geostrateji və geosiyasi münasibətlərdə yüksəliş əldə edəcək". 

Millət vəkili Vüqar Bayramov da bildirib ki, Rumıniya ilə Azərbaycan arasında elektrik enerjisinin nəqli üçün Qara dəniz vasitəsilə sualtı kabel çəkiləcək. Deputatın sözlərinə görə, saziş regionda "yaşıl enerji"nin inkişafı və ixracı ilə bağlı yeni imkandır: 

"Avropa Komissiyası anlaşma ilə bağlı açıqlama yayaraq bunu “Aİ-nin Cənubi Qafqazdakı tərəfdaşlığını inkişaf etdirəcəyini və hər iki regiona təmiz enerji keçidində kömək edəcəyini, eyni zamanda təchizat təhlükəsizliyini artıracağını bəyan edib. Brüssel etibarlı tərəfdaşlarla əməkdaşlığın getdikcə daha çox əhəmiyyət kəsb etdiyini bildirib. Bu anlaşma Xəzərdə bərpa olunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsasını qoyacaq. Dördtərəfli hökumətlərarası saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur".