Qərb Saakaşvilini satdı

İndi uzaqdan onun ölümünü izləyirlər

  Gürcüstanda sabiq Prezident Mixeil Saakaşvilinin tərəfdarları Bidzina İvanişvilinin biznes mərkəzinin yaxınlığında hazırda həbsdə olan eks rəhbərə dəstək aksiyası keçiriblər. Mitinqdə partiya sədrliyinə iki namizəd - Giorgi Mumladze və Levan Xabeişvili də iştirak ediblər. Mumladze bildirib ki, dekabrın 22-dən sonra Bidzina İvanişvilinin Çorvila, Abastumani və Şekvetilidəki digər evlərinin yaxınlığında da oxşar etiraz aksiyaları təşkil olunacaq: 

“Bidzina İvanişviliyə konkret mesaj verməliyik ki, məhkəmə Saakaşvilini ən pis vəziyyətdə həbsxanada saxlasa, bu onun üçün ölüm hökmü olacaq. Bu halda Bidzina İvanişvilinin evləri etirazın episentrinə çevriləcək və davamlı aksiyalar olacaq. O, həmişə belə hərəkətlərdən qorxur, ona görə də polisi tam səfərbər edir. Yəqin ki, polis gücündən istifadə etməklə qorunacaq və evə qapanacaq". 

  Gürcüstan Prezidenti Salome Zurabişvili də deyib ki, ölkədə qütbləşmə yaradan əsas problemlərdən biri Saakaşvili məsələsidir. Onun sözlərinə görə, spekulyasiyalara son qoymaq və dekabrın 22-də hansı qərarın veriləcəyini gözləmək lazımdır. Zurabişvili bildirib ki, Gürcüstan əhalisi qütbləşməyə son qoymaq istəyir: 

“Əhalimizin istəkləri aydındır, onlar qütbləşməyə son qoymaq istəyirlər. Yeni qüvvələr, fiqurlar və Gürcüstanın gələcəyi üçün yeni perspektivlər görmək istəyirlər. Bu ölkə və onun nüfuzu üçün, daxili sabitlik çox vacibdir. Gürcüstan xalqının bu vəziyyətdən çıxmasına icazə verin". 

  Ədliyyə naziri Rati Breqadze bildirib ki, Saakaşviliyə bir il ərzində təxminən iki yüz min lari (təxminən 128 min manat) xərclənib. Onun sözlərinə görə, Mixeil Saakaşviliyə həmişə tibbi xidmət göstərilib və indi də göstərilir: “Ədliyyə Nazirliyi hər bir məhkuma tibbi xidmət göstərmək üçün məsuliyyət daşıyır. Saakaşviliyə həmişə tibbi xidmət göstərilib və indi də göstərilir. O, Gürcüstan qanunvericiliyinə uyğun olaraq Tbilisidə fəaliyyət göstərən tibb müəssisəsindədir, klinikada palatada yerləşdirilib və tibbi xidmət göstərilir. Bir il ərzində təqribən Saakaşviliyə 200 min lari, digər bir məhbusun saxlanmasına isə təxminən 17 400 lari xərclənir”. Nazir həmçinin bildirib ki, dekabrın 22-də Saakaşvilinin məhkəmə iclasında onlayn qaydada iştirak etməsi təmin ediləcək. Məlumat üçün bildirək ki, eks prezidentin səhhətindəki mövcud problemlərdən dolayı, onun cəzasının təxirə salınması ilə bağlı vəkillərin müraciəti əsasında növbəti məhkəmə iclası dekabrın 22-də keçiriləcək. 

  Politoloq Azər Rəşidoğlu "Şərq"ə açıqlamasında bildirib ki, Mixeil Saakaşvili Gürcüstan tarixinin ən şərəfli lideridir. Analitik vurğulayıb ki, Saakaşvili ilk prezidentliyi dövründə korrupsiyanın kökünü kəsdi. Bu gün korrupsionerlər Mişadan qisas alır:

 "Məsələ ondadır ki, gənc nəsil Mixeil Saakaşvilini tanımır. Yaşlı nəsil isə hesab edir ki, Mişa siyasətə qayıdarsa, Gürcüstanda “Ukrayna ssenarisi” təkrarlana bilər. Əslində, Mixeil Saakaşvili dövrünün bitməsi də Moskva-Tbilisi münasibətlərini keçmişdəki kimi "isti məcraya" qaytara bilmədi. Ukraynada baş verənlər onu deməyə əsas verir ki, Qərb MDB məkanına növbəti dəfə təsir etmək istəyir. Ümumiyyətlə, Qərbin Gürcüstanda həyata keçirdiyi "Saakaşvili layihəsi" uğurlu oldu. Qısa müddət ərzində ölkədəki korrupsiyaya son qoyan Saakaşvili, işsizlik problemini həll etməklə yanaşı, dövlətin uzun illərdən bəri əhaliyə olan əməkhaqqı borclarını ödəyə bildi. Bir sözlə, Saakaşvili bir örnək idi. Qərblə inteqrasiyanın üstünlüklərini MDB məkanına göstərmək üçün həyata keçirilən bir layihə idi. 2003-cü ilin noyabr ayında minlərlə insan parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq küçələrə çıxdı. O vaxt özünün “Vahid milli hərəkat” partiyasına başçılıq edən Saakaşvili etiraz dalğasının başında olan üç siyasi liderdən biri oldu. Parlamentin keçmiş spikerləri Zurab Jvaniya və Nino Burcanadze Saakaşvilidən daha təcrübəli və nüfuzlu müxalifətçi siyasətçilər idilər. Bununla belə, küçədəki insanlar “Mişa” qışqırırdılar. Məhz Saakaşvili həlledici anda saxtalaşdırma nəticəsində seçilmiş yeni qanunverici orqanın sessiyanın başlamasına mane olmaq məqsədilə, parlamentə edilən yürüşə başçılıq etdi. Ancaq digər liderlər onun arxasınca getmədi. Risk böyük idi, parlamenti xüsusi təyinatlı polislər mühafizə edirdi. Tribunadan isə çoxsaylı mühafizəçilərlə əhatə olunan Şevardnadze çıxış edirdi. Amma nəticədə Şevardnadze nümayişçilərin təzyiqi altında parlament binasını tərk etdi, sonra isə istefa verdi. İnqilabın əsas liderinə çevrilən Saakaşvili 2004-cü ilin yanvar ayında Gürcüstan prezidenti seçildi".
  A.Rəşidoğlu qeyd edib ki, gürcülər sovet keçmişləri üçün darıxdıqları üçün sona qədər Mişanı dəstəkləmədilər: "Şevardnadze bu xalqı o qədər rüşvətə alışdırıb ki, insanlar rüşvətsiz yaşaya bilməyəcəklərini düşünürlər. Odur ki, rüşvətsiz, bürokratik əngəlsiz yaşamaq üçün sona qədər mübarizə aparmaq istəmirlər. İstənilən halda Saakaşvili bu xalqın şərəfli tarixidir. Gürcülər onu bu dərəcədə aşağılamaqla tarixə hörmətsizlik edirlər. Mişanın belə hörmətsiz edilməsində Rusiya maraqlıdır. Lakin Qərb də onu satdı. 2008-ci ilin avqustunda Rusiya ilə tək buraxdı, indi də onun ölümünü izləyir".