İran nüvə silahı əldə edərsə...

Türkiyə də nüvə silahına yiyələnmək barədə ciddi düşünmək məcburiyyətində qalacaq

  İranın dini lideri Əli Xameneyinin müşaviri Kamal Xərrazi Tehranda keçirilən dialoq forumunda deyib ki, ölkəsinin nüvə bombası istehsal etmək imkanı var. Ancaq onu istehsal etmək fikrində deyil. Lakin Xərrazinin sonrakı cümləsi ilk fikrini təkzib mahiyyətlidir: “Nüvə texnologiyasına sahib olmaq çəkindiricidir”. Yəni İranın nüvə silahı olsa, heç bir dövlət Tehrana təzyiq edə bilməyəcək. 

  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, İranın nüvə silahına yiyələnə biləcəyindən ehtiyat edən əsas ölkələr İsrail, ABŞ və Səudiyyə Ərəbistanıdır. Ekspert qeyd edib ki, Azərbaycanın da İranla münasibətlərində gərginlik hökm sürür: 

"İstanbulda ötən həftə bölgədəki vəziyyətlə bağlı iki günlük konfransda iştirak etdim. Müxtəlif mövzuları müzakirə etdikdən sonra konfrans iştirakçılarına belə bir sual verdim: “İran bir gün nüvə silahı əldə etdiyini açıqlayarsa (bu, istisna deyil), Türkiyə və Azərbaycan hansı addımları atacaq? Fikrimcə, İran nüvə silahı əldə edərsə, Türkiyə də nüvə silahına yiyələnmək barədə ciddi düşünmək məcburiyyətində qalacaq. Əgər ətrafda bir qisim dövlət - Hindistan, Pakistan, Rusiya, Çin, İsrail və İran da bu sıraya qatılarsa, Türkiyə və Səudiyyə Ərəbistanı da oxşar çalışmalara başlayacaq. İranın nüvə silahına yiyələnməsi Azərbaycanın maraqlarına ziddir. Aydındır ki, nüvə silahına yiyələnmək kimi planımız yoxdur. Buna baxmayaraq, İran nüvə silahı əldə edərsə, təhlükəsizlik təminatımızın artırılması barədə ciddi düşünməli olacağıq".