Moskva Vardanyanı göndərməklə prosesi pozdu

Ona qədər Xankəndidə bəzi ermənilərlə təmaslar başlamışdı

"Kreml Ruben Vardanyanı göndərməklə Azərbaycanın təhlükəsizlik rəsmiləri ilə Qarabağdakı ermənilər arasında təmasların qarşısını alıb". Bu sözləri "Şərq"ə politoloq Məhəmməd Əsədullazadə deyib. Siyasi şərhçi bildirib ki, Vardanyana qədər Xankəndidə bəzi ermənilərlə təmaslar başlamışdı: "Azərbaycanın məqsədi yerli ermənilərin reinteqrasiyasına nail olaraq prosesi müsbət istiqamətdə aparmaq idi. 

Moskva Vardanyanı göndərməklə prosesi pozdu. İndi Vardanyan deyir ki, "Azərbaycan onunla danışmalıdır". Təbii ki, Kreml Vardanyanı Qarabağa öz nümayəndəsi olaraq göndərib və əsas məqsədi Rusiyanın nəzarətində statuslu bir sistem yaratmaqdır. 

Demək olar ki, Qarabağda Rusiya ilə mübarizəmiz başlayıb. Təsadüfi deyil ki, Rusiyanın bəzi qurumlarının ekspertləri Azərbaycanı "raket atmaq və hərbi cəhətdən cəzalandırmaqla" hədələyirlər. Buna səbəb Qarabağda onların məkrli siyasətinin qarşısını almağımızdır. Əlbəttə, Rusiya "sülhməramlı" qüvvələrini məcbur qalıb Qarabağa dəvət etməklə, onların ölkəmiz üçün problemlər yaradacağını hesablamışdıq. 

Amma Rusiya ordusunun ölkəmizdən çıxarılması kimi təcrübəmiz var. "Güclü Rusiya ordusu" mifi dağıldığı bir dönəmdə onların öhdəsindən daha asanlıqla gəlmək mümkündür".
  Analitikə görə, Rusiya "sülhməramlı"ları Qarabağda qaldıqca ermənilərin reinteqrasiyasına nail olmaq çətinləşəcək: "Sülhməramlı qüvvələrin beş ildən artıq qalmasına icazə verilməməlidir. Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qoymalıdır. 

Çünki yol təyinatına uyğun fəaliyyət göstərmir və buradan hərbi məqsədlər üçün istifadə edilir. Əgər buraxılış-nəzarət sistemini təşkil etsək, avtomatik silahlı terrorçu erməni qrupların fəaliyyətinə də son qoyarıq".