ABŞ-nin əli Zelenskinin çiynindədir

Ukrayna Prezidenti Qərbdən güclü silah almaqla, döyüş əməliyyatlarının miqyasını genişləndirməyə çalışır

  Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə savaş başlayandan sonra ilk dəfə xaricə səfər edib. ABŞ-yə səfər edən Zelenski amerikalı həmkarı Cozef Bayden və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşüb. Zelenski Konqresdə çıxış da edib. Dünya mediası kritik səfərin arxasındakı gizli əməliyyatdan yazıb. Qeyd olunub ki, ukraynalı liderin təhlükəsiz şəkildə Vaşinqtona çatmasını təmin etmək üçün NATO-nun casus təyyarələri və ABŞ döyüş təyyarələri hərəkətə keçib. Qeyd edək ki, bu gün ABŞ Prezidenti Kiyevə 1 milyard dollar vəsaitin ayrılması haqqında sərəncam imzalayıb

Baydenlə görüşündə müdafiə dəstəyinin davam edəcəyi vədini alan Zelenski Vaşinqton səfərindən razı qalıb. Bildirib ki, Ukraynanın mübarizəsi “övladlarımızın və nəvələrimizin hansı dünyada yaşayacağını müəyyənləşdirəcək". Qeyd edib ki, bütün fəlakətlərə baxmayaraq, Ukrayna yıxılmadı: "Ukrayna yaşayır və güclüdür”. O, ABŞ-yə hərbi texnika və maliyyə dəstəyinə görə təşəkkür edib: "Sizin maliyyəniz xeyriyyəçilik deyil. Bu, ən məsuliyyətli şəkildə yanaşdığımız qlobal təhlükəsizlik və demokratiyaya sərmayədir". Zelenski nitqini Ukraynanın şərqində, Kiyev qüvvələrinin aylardır şiddətli döyüşlər apardığı Baxmut şəhərinin ukraynalı müdafiəçiləri tərəfindən ona verilmiş döyüş bayrağını Konqresə təqdim edərək yekunlaşdırıb. Ukrayna lideri qeyd edib ki, Vaşinqtonda apardığı danışıqların əsas məqsədi ölkənin müdafiəsinin güclənməsidir: “Evə gətirəcəyimiz gözəl xəbərimiz var. Prezident Bayden bu gün Ukrayna üçün təxminən 2 milyard dollarlıq yeni yardım paketini elan etdi və bu paketin ən güclü elementi - “Patriot” kompleksi bizim hava hücumundan müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcək. Biz gələn ildən nə gözlədiyimiz və nəyə hazırlaşdığımız barədə ətraflı danışdıq. Bu, bütün ukraynalılar üçün vacibdir".

 Zelenski vurğulayıb ki, Ukraynanın dağılmış infrastrukturunun, ilk növbədə enerjinin bərpası, Rusiyaya qarşı növbəti sanksiyalar və hüquqi təzyiqlər müzakirə edilib. Co Bayden ABŞ, müttəfiqləri və dünya üzrə tərəfdaşlarının Ukrayna xalqına və Ukrayna silahlı qüvvələrinə göstərdiyi yardımı vurğulayıb: "Rusiyaya qarşı presedenti olmayan sanksiyalar və ixraca nəzarət Kremlin amansız müharibəni aparmasını çətinləşdirir. 50-dən çox ölkə (Ukraynanı) 2000-ə yaxın tank və digər zirehli texnika, 800-dən çox artilleriya sistemi və 2 milyondan çox artilleriya sursatı ilə təchiz edib". “Vaşinqton Post” qəzeti isə Zelenskinin Vaşinqtonda razılığa gələ bilmədiyini yazıb. Nəşr bildirib ki, Ukrayna Prezidenti ABŞ-yə səfəri zamanı əsas məqsədinə nail ola, daha müasir silahlar əldə edə bilməyib. İddia olunur ki, Ukrayna Prezidenti və müşavirləri Baydenin təmin etmək istəmədiyi qabaqcıl silahların göndərilməsi üçün Vaşinqtona təzyiq etməyə davam edirlər. Zelenskinin ABŞ-dən sonra Böyük Britaniya, Fransa və Almaniyaya səfər edə biləcəyi deyilir. 

  Kremlin mətbuat katibi Dmitri Peskov da Zelenskinin ABŞ-yə səfərinə münasibət bildirib. O deyib ki, Zelenskinin ABŞ-yə səfəri təsdiqlədi ki, Vaşinqton Rusiya ilə son ukraynalıya qədər de-fakto və dolayı yolla mübarizəni davam etdirir: "Moskva təəssüf edir ki, nə Bayden, nə də Zelenski Rusiyanın narahatlıqlarını dinləməyə potensial hazır olduqlarını nümayiş etdirməyiblər”. 

Kremlin sözçüsü Ukraynaya Qərb silahlarının tədarükünün münaqişənin həllinə kömək etmədiyini, ancaq Ukrayna xalqının iztirablarını uzatdığını söyləyib. O bildirib ki, Amerikanın “Patriot” sistemləri, Ukrayna Silahlı Qüvvələrini təmin edən digər silah növləri kimi Rusiya ordusu üçün qanuni hədəfdir: 

“Ukraynaya verilən silahların çeşidinin genişləndirilməsi Rusiya Federasiyasının xüsusi əməliyyatın məqsədlərinə çatmasına mane ola bilməz”, - deyə Peskov qeyd edib.

  Zelenskinin ABŞ-yə səfərini "Şərq"ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, Ukrayna Prezidentinin Amerika səfəri qızğın döyüşlərin getdiyi Baxmutdan başlayıb. Analitik qeyd edib ki, Zelenski Qərbdən güclü silahlar istəyir:

"Həmçinin döyüş əməliyyatlarının coğrafiyasını və miqyasını genişləndirməyə çalışır. Zelenski ölkə ərazilərini azad etmək, Donbassı, Krımı ruslardan təmizləmək istəyir. Digər tərəfdən hesab edir ki, bununla kifayətlənmək olmaz. Moskvanı tamamilə çökdürmək üçün Rusiyanın özünə zərbələr vurulmalıdır. 

Düşünür ki, əməliyyat Rusiya ərazisinə keçməzsə, əks-hücum əməliyyatları o qədər də effektli olmayacaq. ABŞ isə bunun əleyhinədir. Amerika rəhbərliyi hesab edir ki, müharibənin miqyası genişlənsə, Rusiya NATO ölkələrinə də zərbələr endirə bilər. 

Bu isə üçüncü dünya savaşının başlanması anlamına gəlir. Vaşinqtonun hədəfi Moskva üzərində tam qələbə qazanmaq yox, Rusiyanı zəiflətməkdir. İndi bunu Ukraynanın əliylə edirlər. Zelenskinin bu məsələdə israrlı olması ABŞ-dəki dairələrlə aralarında ziddiyyətlərə səbəb olur".