Edam hökmü çıxarılanların sayı hər keçən gün artır

Özünü müdafiə üçün onlara cəmi 15 dəqiqə vaxt verildiyi bildirilir

İranda Məhsa Əmininin ölümü sonrası başlanan etiraz aksiyalarında iştirak etdikləri üçün barələrində edam hökmü çıxarılanların sayı hər keçən gün artır. “NTV.com.tr” bildirir ki, son məlumatlara görə, barəsində edam hökmü çıxarılmış şəxslərə özünü müdafiə üçün cəmi 15 dəqiqə vaxt verildiyi bildirilir. İndiyədək edam qərarı verilmiş 22 nəfərdən 4-ü barədə hökm icra edilib. Yanvarın 7-də edam edilmiş 22 yaşlı Muhəmməd Mehdi Kəramiyə özünü müdafiə üçün məhz 15 dəqiqə danışmaq hüququ verilib. 

Bunun etirazçıları çətin duruma salmaq, haqlı olduqlarını sübuta yetirmək üçün müddətin tanınmaması məqsədilə edildiyi aşkardır. Bu şəxslərin məhkəməsində nə media nümayəndələri, nə də ailə üzvlərinin iştirakına icazə verilmir. Mərkəzi Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının məlumatına görə, etiraz aksiyalarında iştirak etdikləri üçün həbs edilənlərdən 109 nəfərin şəxsi işi edam hökmü istənilməklə məhkəməyə göndərilib.  Etiraz aksiyalarında həyatını itirənlərin sayı isə 481 nəfərə çatıb. Vəfat edənlərin 35-i qadın, 64 nəfərinsə 18 yaşdan kiçik olduğu bildirilir.