Ukraynadakı helikopter qəzasında “Rusiya izi” varmı? AKTUAL ŞƏRH 

Ukraynanın Brovarı şəhərində uşaq bağçasının yanında helikopter qəzaya uğrayıb.Hadisə nəticəsində Ukraynanın daxili işlər naziri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin həlak olub.Qəzadan sonra yanğın başlayıb, bölgəyə təcili yardım, polis və yanğınsöndürmə qrupları cəlb edilib.  Kiyev qubernatoru Oleksiy Kuleba Telegram hesabında verdiyi açıqlamada ölən və yaralananların olduğunu, bağçadakı işçilər və uşaqların təxliyə edildiyini bildirib. Qəza nəticəsində azı 16 nəfərin öldüyü və çoxlu sayda yaralının olduğu bildirilir.

Bundan başqa Müharibənin Tədqiqi İnstitutu (ISW) bildirib ki, Rusiya prezidenti Vladimir Putin bu gün, yanvarın 18-də yeni səfərbərlik dalğası və Ukraynaya rəsmən müharibə də elan edə bilər. Bugünkü tarix onun üçün simvolik olduğu əlavə edilib:“Putin ordusunu genişləndirmək üçün yaxın günlərdə səfərbərliyin ikinci dalğasını elan edə bilər.  Ola bilsin ki, bu bəyanat elə yanvarın 18-də verilsin. Kremlin sözçüsü Dmitri Peskov yanvarın 17-də elan edib ki, Putin yanvarın 18-də Sankt-Peterburqda nitqlə çıxış edəcək. Putin doğma şəhəri Leninqradın faşist blokadasından çıxarılmasının 80-ci ildönümündə Putin xalqa müraciət edəcək. O, xalqa müraciəti zamanı simvolik tarixlərdən istifadə etməyi xoşlayır. Bəzi rusiyalı müharibə tərəfdarı olan bloqerlərin sözlərinə görə, Putin bu fürsətdən istifadə edərək səfərbərlik haqqında bildirə bilər. Və ya Ukraynaya qarşı müharibə elan edə bilər”, - deyə ISW-dən qeyd edilib.

Bütün bu məlumatlar isə Rusiya-Ukrayna müharibəsinin daha da şiddələnəcəyinə dair qənaətlər formalaşdırır.  
Helikopter qəzası ilə bağlı araşdırmaların getdiyini deyən siyasi şərhçi Samir Hümmətov "Sherg.az"a bildirib ki, nəticələr açıqlanmasa, bunun Rusiyanın işi olub-olmadığını demək olmaz:

"Hər halda helikopterin Rusiya tərəfindən qəzaya uğradılması dəqiq deyil. Lakin hazırkı vəziyyətdə iki dövlət arasındakı münaqişənin dərinləşdiyini müşahidə edirik. Belə olduğu təqdirdə isə istənilən məsələni biri-birinin boynuna ata bilərlər. Ümumiyyətlə, baş verənlərin Rusiya ilə əlaqəsinin olmadığını düşünürəm. 

Əgər varsa belə, bu yaxın gələcəkdə Qərb-Rusiya qarşıdurmasına gətirə çıxara bilər. Digər tərəfdən Putinin Ukraynaya tam müharibə  və ölkədə yeni səfərbərlik elan edəcəyi xəbərinə gəkdikdə isə, bu da gözləniləndir. Amma daha çox ayın sonuna nəzərdə tutulub.

 Rusiya tərəfi artıq vəziyyətin nə yerdə olduğunu anlayır. Bu günə qədər xüsusi əməliyyat adlandırdıqları döyüşləri, artıq Rusiya-Ukrayna müharibəsi ilə əvəzləyirlər. Bu isə Kremlin daha dərin qatlarda işlər aparmaq niyyətindən xəbər verir".