Rusiya ordusu artıq yorulub

Putin bu vəziyyətdə müharibəni dayandırmaq üçün bəhanə axtarsa da, ona şans verilmir

Medvedyevin açıqlaması, əslində Rusiyanın Qərbin təzyiqlərinə dözüm limitinin bitməsinə yaxın olması deməkdir

  Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanın müttəfiqlərinə xəbərdarlıq edib. Medvedyev bildirib ki, adi müharibədə nüvə nəhənginin məğlubiyyəti nüvə müharibəsinə səbəb ola bilər: "Yanvarın 20-də ABŞ-nin Ramşteyn bazasında Ukraynaya dəstək verən ölkələrin müdafiə nazirlərinin görüşü baş tutacaq. Onlar Kiyevə yeni silah tədarükü məsələsini həll edəcəklər". Onun sözlərinə görə, nüvə dövlətləri talelərinin asılı olduğu böyük münaqişələri uduzmayıblar. Xatırladaq ki, Rusiya rəhbərliyi, şəxsən Prezident V.Putin də Ukrayna və Qərbi nüvə silahı ilə bağlı bir neçə dəfə təhdid edib. 

  Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq"ə açıqlamasında deyib ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin “adi müharibədə nüvə nəhənginin məğlubiyyəti nüvə müharibəsinə səbəb ola bilər” bəyanatı, əslində Rusiyanın Qərbin təzyiqlərinə dözüm limitinin bitməsinə yaxın olması deməkdir. Partiya təmsilçisinin sözlərinə görə, hətta Rusiyanın yaxın tərəfdaşı kimi tanınan Çexiya Prezidenti Vuçiçin Krım və Ukraynanın digər bölgələrinin işğalı ilə razılaşmadığını deməsi Putinin müharibəni uduzacağına inamından irəli gəlir: 

"Rusiya Ukraynaya dəstək verən Avropa dövlətlərini müharibə başlayan günlərdən mütəmadi olaraq nüvə zərbəsi ilə hədələyir. Qərb döyüşkən ukraynalıların hesabına Rusiya ordusunu yormaqda davam edir. Putin növbəti dəfə səfərbərlik elan edərək 500 min canlı qüvvə toplamağa çalışır. Paşıpozuq rus ordusu üçün əsgər toplamaq heç də asan iş deyil. İndiyə qədər Putinin küçədən tutub hazırlıqsız döyüş bölgəsinə göndərdiyi əsgərlər kütləvi şəkildə müharibədən qaçır. Qaçmaq imkanı olmayanlar isə özlərini yaralayaraq döyüş bölgəsindən evakuasiya edilirlər. Fakt odur ki, 3 ay öncə Putinin döyüşə göndərdiyi 250 minlik yeni qüvvə darmadağın edilib. Rusiya ordusu artıq yorulub, silah-sursat çatışmır və getdikcə məğlubiyyət yaxınlaşır". 

  Ekspert bildirib ki, Putin bu vəziyyətdə müharibəni dayandırmaq üçün bəhanə axtarsa da, ona şans verilmir: 

"NATO baş katibi öz bəyanatlarında sülhün açarının Rusiyanın məğlubiyyətində olduğunu deyir. Böyük ehtimalla Qərb Rusiyanı tam məğlub etmək niyyətindədir. Məsələ ondadır ki, bu tarixi şansı Qərbə Putinin özü verib. İndi çıxılmaz vəziyyətdə qalan Rusiya rəhbərliyi nüvə təhdidi ilə çıxış edir. Düşünürlər ki, bəlkə bu yolla Qərbi danışıqlara cəlb edə bildilər. Hesab edirəm, yaz aylarından etibarən Kreml rəhbəri müharibənin bitirilməsi üçün danışıqlara can atacaq. Nüvə təhdidi mənasız cəhddir. Qərb dövlətləri Putinin nüvə hədəsinin real olub-olmadığını yaxşı bilirlər. Ukraynaya verdikləri hərbi dəstək də Qərbin rusların nüvə təhdidinə necə yanaşdıqlarını göstərir".