Körpəyə bilet almağı unutdular

Cütlük uşaqlarını buraxıb özləri buraxılış məntəqəsindən keçib

  Təl-Əvivin Ben Gurion beynəlxalq hava limanında görənləri heyrətə salan hadisə yaşanıb. “Şərq” “NTV,com.tr”yə istinadən bildirir ki, Brüsselə uçmağı planlaşdıran ailənin hava limanına gəldiyində körpə üçün bilet almağı unutduqları məlum olub. Biletlərin yoxlandığı buraxılış məntəqəsində bunu fərq edən cütlük körpəni hava limanında uşaq arabasının içindəcə buraxıb nəzarət-buraxılış məntəqəsindən keçiblər. 

Nəzarətçilər bu haqda polisə xəbər verib. Hava limanı polisi isə məsələni araşdıraraq cütlükdən geri qayıtmağı tələb edib. Hava limanı polisi hadisə barədə məlumat verərək bildirib ki, cütlük Belçika pasportuna malik olub. Uçuş qaydalarına görə, körpələr təyyarə salonunda sərnişin yerini zəbt edirsə, onlar üçün 25 avro ödənməlidir.

 Hava limanından verilən açıqlamada da uçuş üçün aeroporta gəlmiş cütlüyün körpələrini oradaca qoyub təyyarəyə minmək istədikləri bəlli olub.

 Lakin ailə təyyarə reysinə gecikdiyindən geri qaytarılıblar. İsrail polisi problemin həllini tapdığını, körpənin ailəsinə təslim edildiyini bildirib.