"Türkiyə-ABŞ münasibətlərində kifayət qədər ciddi ziddiyyətlər mövcuddur".
Bunu "Sherg.az"a siyasi şərhçi Elçin Xalidbəyli ABŞ-ın Türkiyə ilə bağlı F-16 qərarını təsdiqləməsindən danışarkən deyib. Onun sözlərinə görə, bu ziddiyyətlər illərlə üst-üstə yığılaraq, böyük problemlərə çevrilib:
"İndi hamısının qısa müddətdə həll edilə biləcəyi qətiyyən inandırıcı deyil. ABŞ-nin Türkiyəyə "F-16" döyüş təyyarələri satmaqdan imtina etməsi mövcud problemlərdən yalnız biridir. Halbuki iki ölkə arasında bundan daha ciddi məsələlər də mövcuddur. ABŞ Türkiyə ilə mövcud olan "F-35" döyüş təyyarələrinin satışı ilə bağlı anlaşmanı da kobud şəkildə pozub.
Rəsmi Ankara həmin təyyarələr üçün ikitərəfli müqavilədə müəyyən edilmiş məbləği ABŞ-a ödəyib. Ancaq ABŞ "F-35" döyüş təyyarələrinin Türkiyəyə göndərilməsindən hələ də imtina edir. Üstəlik, rəsmi Ankaranın ödədiyi məbləği də geri qaytarmır. Buna cavab olaraq, Türkiyə Rusiyadan "S-400" raket kompleksləri alıb. Nəticədə bu problemin həlli daha da qəlizləşib.
Digər tərəfdən, rəsmi Ankara ABŞ-ı Suriyada PKK/YPG terror təşkilatını himayə etməkdə suçlayır. Çünki ABŞ-ın həmin terror təşkilatına döyüş təlimləri keçməsi, silah-sursat verməsi barədə inkaredilməz faktlar mövcuddur. ABŞ-ın bu davranışları Türkiyə ilə NATO çərçivəsində mövcud olan müttəfiqlik prinsiplərinə ziddir.
Yəni Ağ Evin mövqeyi Türkiyə-ABŞ münasibətlərində ciddi problemlər yaradır. Rəsmi Ankara Ukrayna savaşına münasibətdə ABŞ-ın maraqlarına uyğun mövqe tutmağa ehtiyac duymur. Ağ Ev rəsmi Ankaranın Rusiyaya qarşı sərt mövqe tutmasına çalışır. Türkiyə isə həm Ukrayna, həm də Rusiya ilə normal münasibətlərin qorumasına üstünlük verir".
E.Xalidbəylinin qənaətincə, Türkiyəyə F-16 satışının iki hərbi müttəfiq ölkə arasında bütün problemləri tam həll edəcəyini düşünməyə imkan vermir:
"Ola bilsin ki, bu, yaxın gələcəklə əldə oluna biləcək anlaşmalar üçün kiçik bir pəncərə açsın. Ancaq iki ölkə arasında daha böyük anlaşmalar və münasibətlərin tamamilə hərbi müttəfiqlik prinsiplərinə uyğunlaşması üçün ABŞ-ın Türkiyənin milli təhlükəsizlik maraqlarına zidd davranışlardan imtina etməsi vacibdir. Böyük ehtimalla F-16 satışında Türkiyədə keçiriləcək seçkilərin təsiri də müəyyən qədər rol oynayır. ABŞ və Qərb Ərdoğanın bu seçkilərdə məğlub olacağına ümid bəsləyirdi. Ancaq müşahidələr göstərir ki, təcrübəli dövlət xadimi olan prezident Rəcəb Tayyib Ərdoğan tədricən situasiyanı öz xeyrinə dəyişməyə, siyasi rəqiblərini üstələməyə başlayıb. ABŞ və Qərb də artıq prezident R.T.Ərdoğanın seçkilərdə qalib gələ biləcəyi qənaətə gəlib. Ona görə də elə indidən Türkiyə prezidenti ilə anlaşma şəraiti yaratmağa çalışırlar".
Qeyd edək ki, ABŞ Dövlət Departamenti F-16 döyüş təyyarələrinin rabitə sistemi olan “Link-16” taktiki məlumat bağlantısı şəbəkəsinin modernizasiya dəstlərinin Türkiyəyə satışını təsdiq edib. Bu barədə Dövlət Departamentindən məlumat verilib.