Rusiyanın sonu başlayır! - İnquş Ordusunun tərkibində çeçenlər də var? - AKTUAL

"İnquş Qurtuluş Ordusunun hələ ki formal olaraq, yaradılmasından danışırıq. Çünki belə bir ordunun yaradılması barədə geniş məlumata sahib deyilik". 
Bunu "Sherg.az"a hərbi-siyasi şərhçi Həşim Səhrablı İnquşetiyanın Rusiya işğalından azad edilməsi və müstəqilliyi üçün İnquş Qurtuluş Ordusunun yarandığının elan edilməsindən danışarkən deyib. Onun sözlərinə görə, adıçəkilən ordu necə qurulub, neçə əsgəri var, onları kim necə hazırlayıb, bunu bilmək lazımdır:

"Yəni 2-3 nəfər bir təşkilat quracaqsa və ordu yetişdirirəm deyəcəksə, təbii ki, professionallıqdan söhbət gedə bilməz. Peşəkarlardan ibarət qüvvənin yaradılması üçün bu işdə ən azı bir neçə il təcrübəsi olan kadrlar hazırlanmalıdır. 

Nəzərə almalıyıq ki, Rusiya ordusundan danışırıq. İnquş Qurtuluş Ordusu onunla döyüşməlidir. Şimal qonşumuz bu gün tək öz sərhədlərinin hakimliyi ilə qalmır, kənar dövlətlərə də müdaxilə edir. Düzdür, hər nə qədər işğal faktoru olsa da, cəsarət tələb edən addımdır. İnquş Qurtuluş Ordusunun necə formalaşdığını isə bilmirik. Ona görə də Rusiya üçün real gücə çevrilib, çevrilmədiyi haqqında fikir irəli sürmək çətindir". 

Ekpertin qənaətinə görə, bu elanın Rusiyanın parçalanması istiqamətində hərəkətlənmə yaradacağına gəlincə isə bu iş təkcə inquşların azadlıq hərəkatı ilə tamamlanmayacaq: 

"Çünki Rusiya geniş coğrafiyası ilə çoxsaylı millətləri əhatə edən dövlətdir. Bir neçə yüz illik imperiya tarixi var. 70 illik SSRİ tarixi mövcuddur. Cəmləşdirdikdə 300 ildən çox edir. Yekun sülh də həmişə rus millətində olub. Onlar öz dövlət strukturlarını, idarəetmə bacarıqlarını, kəşfiyyat qruplarını, ordu sistemini 300 ildir, dayanmadan təkmilləşdirirlər. Ona görə də hadisələrin Rusiyanın parçalanma prosesini başladacağını iddia etmək hazırkı an üçün, yaxın perspektivdə mümkün görünmür. Uzaq perspektivdə hər şeyin dəyişəcəyi mümkündür. Məsələn, inquşların sırasında yenidən çeçenlər və s. qatıla bilərlər. "Doğulduğun coğrafiya taleyindir". Bu fikirdən yola çıxaraq, demək olar ki, coğrafiyanın özündə baş verən hərəkatlar real təhlükəyə çevrilə bilər. Bu gün yaradılmış İnquş Qurtuluş Ordusu öz potensialını ortaya qoymadıqca, genişləndirmədikcə, hazırlıqlı və böyük texnikaya sahib olan bir orduya çevrilmədikcə onun Rusiyanın parçalanmasında effektivliyini söyləmək yersizdir".

Qeyd edək ki, İnquşetiyanın Rusiya işğalından azad edilməsi və müstəqilliyi üçün İnquş Qurtuluş Ordusunun yarandığı elan edilib.