"İnvestisiyanın ölkədən çıxarılması və yerli valyutaya nisbətən dolların güclənməsi siyasi proseslərlə bağlıdır".
Bunu "Sherg.az"a açıqlamasında İqtisadçı ekspert Nazim Bəydəmirli Türkiyədə lirənin kursunun dollara nisbətən daha da aşağı düşməsindən danışarkən deyib.
Ekspert söyləyib ki, Türkiyədə baş verən son siyasi proseslər investorlarda təşviş yaradıb:
"Yəni onlar ölkədən öz kapitallarını çıxarırlar. Buna görə də dolların kursu yüksəlir. Mənfi proseslərin qarşısını almağın əsas yolu isə Ərdoğanın xarici investorları sakitləşdirməsindədir. Çünki onlar iqtisadi proseslərə hökümətin nəzarət edəcəyindən çəkinirlər".
Ekspert əlavə edib ki, siyasi gərginliklərdən qorxan investorlar Türkiyə bazarını tərk edir:
"Bu isə böyük problemlər yaradır. Ona görə də hökümət həm daxili, həm də xarici yatırımçıların təhlükəsizliyinə təminat verməlidir. Digər tərəfdən seçki öncəsi Türkiyə Mərkəzi Bankının rezervləri də tükənmişdi. Mövcud hakimiyyət əldəki pulla dolların kursunu sabit saxlamaqla məşğul idi. Ancaq indiki proseslər mənfiyə doğru gedir və lirənin sabit qalacağına əminlik yoxdur".
Qeyd edək ki, qardaş Türkiyədə dolların kursu get-gedə artmağa davam edir.Hazırda 1 ABŞ dolları 20.40 Türk lirəsi edir.