Bayden Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Prezidenti Cozef Bayden Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların müddətinə bir il uzadıb.

“Report” xəbər verir ki, sanksiyalar əsasən nüvə materiallarının yayılması və Şimali Koreyanın regionda stabilliyi pozan hərəkətlərinə yönləndirilib.

Söhbət prezidentin 2008, 2010, 2011, 2015, 2016 və 2017-ci illərdə imzalanmış bir sıra fərmanları əsasında tətbiq edilən məhdudiyyətlərin saxlanılmasını nəzərdə tutan Pxenyana qarşı fövqəladə vəziyyətin uzadılmasından gedir. O zaman Vaşinqtonun gördüyü tədbirlər, xüsusən Pxenyanın kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin yayılmasının qarşısını almağa yönəlmişdi.

Qeyd edək ki, ABŞ dəfələrlə Şimali Koreya nüvə silahından tam imtina etməyənə qədər sanksiyaların qüvvədə qalacağını bəyan edib.