Nazir: Saakaşvili Gürcüstanın daxili siyasətində iştirak edə bilməz

Mixeil Saakaşvili Gürcüstan vətəndaşı deyil və qanunən o, Gürcüstanın daxili siyasətində iştirak edə bilməz.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, Saakaşvilinin əsasını qoyduğu Vahid Milli Hərəkat partiyası qeyri-rəsmi idarəçiliyə öyrəşib və partiyanın bundan sonra da necə idarə olunması ona maraqlı deyil.

Ədliyyə naziri vurğulayıb ki, hazırda xəstəxanada müalicə alan Saakaşvili səhhəti yaxşılaşdıqdan sonra cəzaçəkmə müəssisəsinə qaytarılacaq:

"Bu şəxs məhbusdur və ona görə də, onun fiziki vəziyyəti imkan verdiyi zaman cəzaçəkmə müəssisəsinə köçürüləcək. Burada təəccüblü heç nə yoxdur",- Breqadze deyib.

Qeyd edək ki, Gürcüstanın hazırda həbsdə olan 3-cü Prezidenti Mixeil Saakaşvili bir neçə gün əvvəl Facebook paylaşımında siyasətə qayıtdığını açıqlayıb.