Suriya üzrə danışıqların növbəti raundu keçirilib

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların növbəti raundu baş tutub.

“Report” xəbər verir ki, bu barədə İran, Rusiya və Türkiyə nümayəndələrinin Suriya üzrə 20-ci beynəlxalq görüşünün yekunlarına dair birgə bəyanatında deyilir.

Tərəflər iyunun 20-də Astanada Rusiya, İran, Suriya və Türkiyənin xarici işlər nazirlərinin müavinləri arasında keçirilmiş məsləhətləşmələrin konstruktiv xarakter daşıdığını qeyd ediblər. Türkiyə ilə Suriya arasında münasibətlərin bərpası üçün “yol xəritəsi”nin hazırlanmasının gedişatı (dörd ölkənin müdafiə nazirlikləri və xüsusi xidmət orqanlarının işi ilə əlaqələndirilməklə) müzakirə edilib.

Bu ölkələrin xarici işlər nazirlərinin 2023-cü il mayın 10-da Moskvada və müdafiə nazirlərinin 2023-cü il aprelin 25-də keçirilmiş dördtərəfli görüşlərdə əldə olunmuş razılaşmaların icrası istiqamətində fəal səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər Suriya üzrə 21-ci beynəlxalq toplantının 2023-cü ilin ikinci yarısında keçirilməsi barədə razılığa gəliblər.