Rus ordusu “Vaqner”i vurdu: Priqojin hərbi çevrilişə başladı 

Sosial şəbəkələrdə “Vaqner” özəl muzdlu hərbi dəstəsinin rəhbəri Yevgeni Priqojinin səs yazıları yayılıb.

Axar.az xəbər verir ki, Priqojin “Vaqner”in arxa bazalarına Rusiya ordusu tərəfindən sarsıdıcı zərbələr endirildiyi, yüzlərlə ölən və yaralanan olduğunu bildirib.

Bir neçə dəqiqədən sonra yayılan ikinci səs yazısında isə Priqojin faktiki olaraq Rusiyada hərbi çevrilişin başlandığını elan edib.

“Hərbi rəhbərliyin daşıdığı şər dayandırılmalıdır. Xahiş edirəm ki, heç kim müqavimət göstərməsin. Müqavimət göstərəni məhv edəcəyik. Qoşunlarda, daha sonra Rusiyada ədalət bərpa olunacaq", - Priqojin bildirib.

Rusiya Müdafiə Nazirliyi də dərhal açıqlama yayıb.

“Yevgeni Priqojinin adından sosial şəbəkələrdə yayılan "Rusiya Müdafiə Nazirliyinin “Vaqner”in arxa düşərgələrinə zərbə endirməsi" ilə bağlı bütün mesajlar və videogörüntülər reallığa uyğun gəlmir və informasiya təxribatıdır”.

Hazırda vaqnerçilərin Rostova doğru hərəkət etdiyi iddia edilir.