Britaniya kəşfiyyatı: "Vaqner"in qiyamı Rusiya hakimiyyətinin ən ciddi problemidir”


Böyük Britaniya Müdafiə Nazirliyi “Vaqner” muzdlu hərbi təşkilatının qiyamını Rusiya hakimiyyətinin ən ciddi problemi kimi qiymətləndirib.

“Report” xəbər verir ki, bu barədə nazirlik kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, “Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasındakı gərginlik açıq hərbi qarşıdurmaya çevrilib: “Mövcud möhranın nəticəsi Rusiya təhlükəsizlik qüvvələrinin, o cümlədən Rusiya Milli Qvardiyasının fəaliyyətinin nəticəsindən asılıdır”.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.