Qəzzada müharibənin ikinci mərhələsi başlayıb


İsrailin əsas hədəfi HƏMAS-ı tarixdən silməkdir


  İsrailin Baş naziri Benyamin Netanyahu müharibənin ikinci mərhələsinin başladığını elan edib. O, bu barədə Təl-Əvivdə keçirdiyi mətbuat konfransı zamanı məlumat verib. Baş nazir qeyd edib ki, əməliyyatın məqsədi Fələstinin HƏMAS hərəkatının infrastrukturunu məhv etmək və girovları azad etməkdir.

 Netanyahu deyib ki, hərbi əməliyyatların ikinci mərhələsi oktyabrın 27-də axşam Qəzza zolağına yeni quru qoşunlarının yeridilməsi ilə başlayıb: "Düşmən ərazisində döyüşən komandirlərimiz, əsgərlərimiz xalqın və milli rəhbərliyin onların yanında olduğunu bilirlər". Baş nazir həmçinin əmin olduğunu bildirib ki, Qərb və Ərəb ölkələrindəki müttəfiqlər HƏMAS-la müharibənin məqsədlərini anlayır və İsrailə qələbə arzulayırlar. Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Ha-Levi bildirib ki, hərbi əməliyyatların məqsədləri quru əməliyyatı tələb edir. Netanyahu daha əvvəl HƏMAS-ı məhv edəcəyinə söz vermişdi.

"Ərəblər Misirə köçürülsün" - Plan hazırdır...

  İsrail hakimiyyəti Qəzza zolağının bütün sakinlərini Misirə köçürmək üçün kəşfiyyat planının olduğunu etiraf edib. Bu barədə "Assoşeyted Press” agentliyi İsrail baş nazirinin ofisinə istinadla məlumat yayıb. Məlumatda qeyd olunub ki, İsrail nazirliklərindən biri Qəzza zolağının 2,3 milyon sakininin Misirdəki Sinay yarımadasına köçürülməsi təklifini hazırlayıb. Agentlik bildirib ki, sənəd oktyabrın 13-də hazırlanıb: “Baş nazir Benyamin Netanyahunun ofisi buna hipotetik plan kimi yanaşıb. Təhlükəsizlik xidmətləri ilə bu məsələ ilə bağlı əsaslı müzakirələr aparılmayıb”. Qeyd olunub ki, planda Qəzza zolağının Fələstin Muxtariyyətinin nəzarətinə verilməsi və ya yeni anklav hökumətinin yaradılmasına dəstək vermək nəzərdə tutulmur: “Sənəd Fələstində narazılığa səbəb olub. Fələstin Prezidenti Mahmud Abbasın sözçüsü bildirib ki, hakimiyyət Qəzza zolağının əhalisinin hər hansı yerə köçürülməsinə qarşıdır və planın həyata keçirilməsinə icazə verməyəcəklər”. “Faynenşl Tayms” nəşri də yazır ki, İsrail Baş naziri Benyamin Netanyahu Avropa liderlərini Qəzzadan olan qaçqınları qəbul etmək üçün Misirə təzyiq göstərməyə çağırıb. Misir isə buna cavab olaraq bu qaçqınları AB ölkələrinə göndərməklə hədələyib.

ABŞ-ın Qəzza ilə bağlı təkidi - İsrail razılaşdı

  İsrail ABŞ ilə intensiv diplomatik danışıqlardan sonra Qəzza zolağına hər gün 100 yük maşını humanitar yardım buraxmağa razılaşıb. Razılaşma BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Qəzza zolağına daxil olan məhdud sayda humanitar yardım maşınlarının bölgə əhalisinin ehtiyaclarını ödəmək üçün kifayət etmədiyini bildirməsindən qısa müddət sonra əldə edilib.

"HƏMAS mane oldu, amma onlar bunu bacardılar"

  İsrail Müdafiə Qüvvələrinin rəsmisi Conatan Konrikus deyib ki, ən azı 800 min dinc sakin Qəzza zolağının şimalını tərk edib: “Əsas müharibə zonasının yerləşdiyi şimal hissədən 800 mindən çox fələstinlinin təxliyə edildiyini görməyə şadıq. HƏMAS mane olurdu, lakin bir çoxu yenə də bacardı. Ümid edirik ki, onların hamısı öz təhlükəsizlikləri üçün təxliyə olunacaqlar”.

"Yəməndəki husilər İsrailə ballistik raketlər atdıqlarını bildirib"

  Yəməndəki silahlı qruplaşma İsrail istiqamətində çox sayda ballistik raket və pilotsuz təyyarələr atdığını iddia edib: Bu, artıq İsraili hədəf alan üçüncü hücumdur. Silahlı qrupun sözçüsü bildirib ki, İsrailə daha çox hücumlar ediləcək". Bu arada İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Dohaya səfəri çərçivəsində HAMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb. Görüşdə Abdullahiana Qəzzadakı son vəziyyət barədə məlumat verilib.

"Bu müharibədə əsas zərbə sivillərə dəyir"

  Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Netanyahu “indi müharibə zamanıdır” deyərək atəşkəsə qarşı çıxdı və bəyan etdi ki, əsas hədəfləri HƏMAS-ı tarixdən silməkdir:

 "Hərçənd, bu müharibədə əsas zərbə sivillərə dəyir. İsrail Qəzzanı bombalamamışdan öncə mülki əhalinin cənuba köçməsi çağırışı etmişdi, çünki 30-40 min silahlı üzvü olan və yeraltı tunellərdə gizlənən HƏMAS-a qarşı yalnız raket zərbələri ilə nəsə etmək mümkündür. Mülki əhali çıxmadı. İsrail bunu “HƏMAS-ın əhalinin çıxışına imkan verməməsi” kimi təqdim etsə də, burada iki səbəb daha çox rol oynayır. Birincisi, əhalinin çıxması üçün az zaman verilmişdi və mülki əhali bölgəni tərk etmədən zərbələr endirildi. İkincisi və ən əsası, fələstinlilər ikici Nakbanın (böyük fəlakət - 1948-ci ildə İsrail yarananda baş verən köç) yaşanmasından qorxur və düşünürlər ki, getsələr, bir daha geri qayıda bilməyəcəklər. İsrail HƏMAS-ı məhv etmək üçün Qəzzanı bombalayır, tunellərdə gizlənən qruplaşma üzvlərinin əvəzinə sivillər ölür".