ABŞ-la Hindistan XİN və MN rəhbərləri “2+2” formatında görüş keçirəcək

ABŞ-la Hindistan xarici işlər və müdafiə nazirləri “2+2” formatında görüş keçirəcək.

APA xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar, ölkənin müdafiə naziri Rajnat Sinx və ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostinlə dövlət katibi Antoni Blinken “2+2” formatında 10 noyabrda görüş keçirəcəklər.

Nazirlikdən bildirilib ki, bu, həmin formatda sayca beşinci görüş olacaq.

Tərəflər ABŞ və Hindistan liderləri Co Baydenlə Narendra Modi arasında bu ilin iyun və sentyabr aylarında baş tutmuş görüşləri zamanı müzakirə olunan ikitərəfli münasibətlərin inkişafı üzrə yol xəritəsinə də toxunacaqlar.