Zərdüşt Əlizadə: Erməni dostumun qəbrini ziyarət etmək istərdim...

"Sumqayıtda azərbaycanlılar özləri yerdə yataraq erməniləri çarpayıda yatızdırırdılar. Sonradan gəlib iki xalqı düşmən etdilər"


Erməni aktivist Tatul Asilyan Bakıya gəlmək istədiyini bildirib. O bununla bağlı Feysbukda paylaşım edib. Asilyan tərəflər arasında tezliklə sülhün bərpa olunacağını da vurğulayıb: “Bakını görməyi çox arzulayıram. Yollar tezliklə açılacaq və mən gedəcəm. Sülh yaxındır”. Amma Asilyanın bu paylaşımı Ermənistanda xüsusən revanşizm tərəfdarlarından narazılıq yaradıb. Eyni zamanda Asilyan Paşinyanın açıq tərəfdarlarından sayılır. O bu il Paşinyanın partiyasından çıxarılıb. Buna səbəb Asilyanın Qarabağ erməniləri ilə bağlı etdiyi çıxış olub. Asilyan Ermənistanda etiraz edən Qarabağ ermənilərini ölkədən deportasiya etməyə çağırmışdı.

Tatul Asilyanın fikirlərini “Sherg.az”a dəyərləndirən politoloq Zərdüşt Əlizadə vurğulayıb ki, Ermənistan Baş naziri Nikol Paşinyan konstitusiyanı yalnız 2027-ci ildə dəyişə biləcəklərini bildirib:

"Yəni 2026-cı ilin dekabrında konstitusiya ilə bağlı Ermənistana layihə təqdim edəcəklər. Daha sonra ümumxalq müzakirəsi olacaq və referendum keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev isə cavab olaraq bildirib ki, konstitusiyanı dəyişmədən də hansısa müddəalar daxilində sənəd imzalayaraq 2027-ci ildə konstitusiyada dəyişiklik etməyi üzərinizə götürsün. Amma hələ də erməni tərəfindən heç bir cavab yoxdur. Əgər sülh imzalansa, münasibətlər tənzimlənsə, sərhədlər açılsa, əlbəttə ki, siravi azərbaycanlılar və ermənilər qarşılıqlı şəkildə biri-birilərinin ərazilərinə səfərlər edə bilərlər. Həmin zaman Tatul Asilyan da hər kəs kimi Azərbaycana səfər həyata keçirər. Azərbaycan xalqı dəli deyil ki, xarici vətəndaşa hücum etsin. Tatul Asilyan erməni olsa da, Bakıya gələ bilər. Müharibə qurtaran zaman Georgi Vanyan Nikol Paşinyan və İlham Əliyevə müraciət edərək iki ölkə arasında qarşılıqlı səfər qadağasının götürülməsini xahiş etmişdi. O, söz verərək heç bir təhlükənin olmayacağını söyləmişdi. Bu təbii ki, siyasi və mənəvi addım idi”.

Ekspert qeyd edib ki, qarşılıqlı səfərlər və insanların biri-birilərilə təmasda olması etimad mühitinin artırılması deməkdir:

“Azərbaycan və Ermənistan arasında münasibətlər tənzimlənsə, məmnuniyyətlə dostum George Vanyanın qəbrini ziyarət edib, üzərinə gül dəstələri qoymaq istəyərdim. Ermənilər Bakıya gələndə heyran olurdular və əllərini dizlərinə vuraraq vay nə gözəl şəhərdir deyirdilər. Mənasız xülyaları, "Böyük Ermənistan"ı və əbədi düşmən ifadələrini kənara ataraq normal yaşamaq mümkündür. Bakıda vaxtilə xeyli erməni yaşayıb. Qarabağda ermənilər və azərbaycanlılar çox mehriban həyat tərzi keçiriblər. Sumqayıtda azərbaycanlılar erməni qonşularını evlərində saxlayırdılar. Özləri yerdə yataraq erməniləri çarpayıda yatızdırırdılar. Sonradan gəlib iki xalqı düşmən etdilər. Azərbaycanlını öldürüb Ermənistanın, ermənini də öldürüb Azərbaycanın üzərinə atdılar".