Yaşından asılı olmayaraq hər kəsin istirahətə, beynini dincəltməyə ehtiyacı var. Yay tətili də istirahət üçün ən uyğun vaxtlardan biridir. Lakin hər kəs istirahəti eyni qaydada təşkil edə bilmir. Hətta bəzi insanlar sosial şəbəkələrdə "Bizim yay tətilimiz çox gözəl keçir. Hər gün divandan kresloya, kreslodan yatağa, yataqdan da mətbəx otağına keçirik" kimi statuslar yazırlar. Maraqlıdır istirahət necə təşkil edilməlidir? İnsanlar özlərini toparlamaq, günə həftəyə yaxşı başlamaq, işə və evə adaptasiya olmaq üçün necə dincələ bilərlər? Bəzi insanlar yüksək pul olarsa dincəlmək olar deyir. Bəs aşağı büdcə və ya pulsuz necə dincəlmək olar?
Mövzu ilə fikirlərini bölüşən turizm eksperti Cabir Dövlətzadə “Sherg.az”a bildirib ki, bütün insanların istirahət hüququ var:
“Bu istirahət hüququ dövlətimiz tərəfindən təyin edilib. Yəni həftə sonları və illik məzuniyyət mövcuddur. Dövlət təşkilatlarında işləyən insanların müəyyən məsuliyyət və hüququ var. Həmin insanlar bu tətili müəyyən şəkildə qiymətləndirirlər. Dincəlmək üçün insanın bir yerdən digər yerə səyahət etməsi əsas deyil. Əsas olan insanın ruhunun həyatla barışıq olmasıdır. Elə insan var ki, ailəsinin yanında daha çox dincəlir. Bəziləri isə imkan daxilində ailəsi ilə birlikdə müəyyən yerlərə səfər edərək istirahət edirlər. Həmin səfərlər qısa müddətli olsa da, həyata rəngarənglik gətirir. Azərbaycanın həyat səviyyəsi insanlara görə dəyişir. Cəmiyyətimizin rəfah səviyyəsi yavaş yavaş düzəlir. İnsanlar artıq istirahət hüququnu evlərinin xaricində istəyirlər. Ölkə daxilində kiçik də olsa bəzi yerlərə səyahət edir və ailələri ilə birlikdə kirayə verilən evlərdə gün keçirirlər. Bu isə onların dincəlməsinə şərait yaradır. Yalnız hava yolu açıq olduğu üçün xaricə getmək hər kəsə qismət olmur. Daha çox imkanı olan şəxslər xaricə səfər edirlər. Uyğun qiymətə otel və hava xidmətindən yararlanmaq istəyənlər öncədən rezerv etməlidirlər. İstirahət etmək hüququnu Azərbaycanın bütün əhalisi üçün əl çatan olmasını istəyərdim. Çünki həyat səviyyəsinin qalxması özünəməxsus şəkildə irəliləməlidir. Ölkəmizdə Həmkarlar İttifaqı var. Həmkarlar İttifaqı 25-ə yaxın dövlət təşkilatının həmkarlarını birləşdirib. Onlar istirahət hüququnu bölgənin müxtəlif sanatoriyalarında edə bilirlər. Ümumiyyətlə istirahət məsələsi vətəndaşlarımız üçün əlçatan olmalıdır. Əlçatan olması üçün də dövlətimiz buna şərait yaratmalıdır. İnsanlar üçün ucuz pansiyonların təşkil olunması və həmin yerlərdə bunun təmin edilməsi əsas məsələlərdəndir. Ölkəmizdə insanların çoxu aşağı büdcəlidir. Azərbaycanda orta aylıq əmək haqqı min manata çatsa da, bu sadəcə orta əmək haqqıdır. Minimum əmək haqqı 345 manatdır. Bu isə onu göstərir ki, istirahət hüququnun əl çatanlığı hər insana aid deyil. Bunun üçün də həyat və rəfah səviyyəsinin yüksəldilməsi əsas məsələdir. Bu məsələ də dövlətin üzərinə düşür. Ümid edirəm ki, istirahət hüququ gələcək vaxtlarda bütün insanlar üçün əlçatan olar”.