Son vaxtlar ölkə ərazisində tərəvəz məhsullarının qiymətlərinin artımı müşahidə olunur. Pomidorun qiymətində isə digərləri ilə müqayisədə xeyli bahalaşma var. Paytaxt bazarlarında və marketlərdə pomidorun bir kilosunun qiyməti 3 manat və daha yüksəkdir. Bu qiymət əvvəlki illərlə müqayisədə bahadır. Bu qiymət paytaxt sakinlərinin narazılığına səbəb olur. Ancaq insanlar bildirirlər ki, rayonlarda pomidorun kilosu 70-80 qəpikdir. Hətta sosial şəbəkələrdə Xaçmaz yolunda pomidorun kilosunun 30 qəpiyə satıldığını paylaşmışdılar. Nəyə görə Bakıda pomidorun kilosu 3 manatdan yuxarıdır? Yay sezonu olduğuna görə hər kəs qışa tədarük görərək banka bağlamaq istəyir. Ancaq bu qiymətə nəinki bağlamaq hətta ürəkləri istəyən qədər alıb yeyə bilmirlər. Pomidorun kilosunun bu qədər baha olması nə ilə əlaqəlidir? Qiymətin düşmə ehtimalı varmı? Bu qiymət artımının qarşısı niyə alınmır?
Məsələ ilə fikirlərini bölüşən Aqrar sahə üzrə müttəxəssis Bəhruz Nəzərov “Sherg.az”a bildirib ki, rayonda da qiymətlər ucuz deyil:
“Özüm Bərdədə yaşayıram və burada da pomidorun qiyməti ucuz deyil. Ən aşağı qiymət 1 manat olur. Hətta 1 manatdan yüksək qiymət də müşahidə edilir. Son vaxtlar qiymətlərdə artım var idi. Qiymət artımı hava şəraiti ilə əlaqəlidir. Çünki hava şəraiti mütəmadi olaraq yağıntılı keçir. Bir neçə gün öncə dayanmadan hər gün yağış yağırdı. Bu da sahələrdə insanların biçdiyi otları məhv etdi. Eləcə də meyvə və tərəvəzə öz təsirini göstərdi. Yağışın mütəmadi hal alması normal deyil. Kənd təsərrüfatı iqlimdən asılı olan sahədir. Heç vaxt demək olmaz ki, sahədə mənim məhsulum var və boldur. Məhsul yığılıb anbara təhvil verilməyibsə, o məhsulun sənə aid olduğu heç vaxt deyə bilməzsən. Çünki elə bir iqlim dəyişikliyi ola bilər ki, məhsulu sahədən götürə bilməzsən. Qıtlıq, azalma və bahalaşma hava şəraitindən asılıdır. Yağış yağan zaman məhsulların yığımında da gecikmələr baş verir. Ancaq rayonlarda da ucuz qiymətə deyil. 30 qəpiyə olan pomidoru 3 manata satmazlar. Çünki o qədər də insafsızlıq edə bilməzlər. Bərdə də 1 manatdan aşağı pomidor görməmişəm. Hətta son vaxtlar 2 manata yaxın və 2 manatdan yuxarıdır qiymətlər”.