İran Zəngəzur dəhlizini beynəlxalq sərhədlərin və Ermənistanın ərazi bütövlüyünün pozulması kimi qəbul edir və müvafiq olaraq, belə bir “dəhlizin” İrəvanın maraqlarından çıxış etmədiyini bəyan edir. Bunu “Sputnik Ermənistan”a müsahibəsində iranşünas ekspert Janna Vardanyan İran tərəfinin Ermənistanın ərazi bütövlüyü və Zəngəzur dəhlizinin qəbuledilməzliyi ilə bağlı növbəti bəyanatını şərh edərkən deyib.
Bir müddət əvvəl Tehranda Nikol Paşinyanla görüşü zamanı Əli Xamenei Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanmasının zəruriliyini təsdiqləyib və bəyan edib ki, İran hələ də Zəngəzur dəhlizi ideyasının Ermənistanın maraqlarına cavab vermədiyinə inanır və buna qətiyyətlə yanaşır. Görüşdən sonra baş nazirin mətbuat xidməti məlumat verib ki, həmsöhbətlər Ermənistan və İranın iki dövlətin və xalqın tərəqqisi naminə isti və dostluq münasibətlərinin inkişafına yönəlmiş addımlarını davam etdirəcəklərinə əminliklərini ifadə ediblər.
İranşünas ekspertin sözlərinə görə, yüksək rütbəli məmurların Ermənistan-İran görüşləri zamanı iki ölkənin yaydığı mesajlar həmişə fərqli olur. Ona görə də İran tərəfinin mesajının erməni tərəfinin mesajından fərqli olması Vardanyan üçün təəccüblü deyil. İranın Zəngəzur dəhlizi məsələsinə münasibətinə gəlincə, ekspert Tehranın mövqeyinin 4 ildir dəyişməz qaldığını vurğulayır: "İranın bu mövqedən çıxış etməsinin müxtəlif motivləri var. İndi İranın yeni prezidenti olduğu üçün Tehran bu mövqeyini bir daha təsdiqlədi. Bununla da onlar bir daha vurğulayırlar ki, prezidentin dəyişməsi bu mövqeyə heç bir şəkildə təsir göstərməyib. Bu, dövlət maraqlarına əsaslanan İranın bütün dövlət sisteminin mövqeyidir”, - Vardanyan əmindir. Eyni zamanda, ekspert vurğulayır ki, İran indiyədək heç vaxt rəsmi şəkildə Zəngəzur dəhlizinin İranın maraqlarına zidd olduğunu bəyan etməyib. Bu cür müşahidələr yalnız ekspertlər səviyyəsində idi. İranın rəsmi açıqlamalarında Tehranın regionda beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinə olduğu bildirilib.
Vardanyanın sözlərinə görə, Xameneinin bəyanatı İranın mövqeyinin davamlılığının təsdiqidir.
Əli Xameneinin regiona xaricdən müdaxilə ilə bağlı açıqlamalarına gəlincə, ekspert əmindir ki, İranın mənəvi lideri ABŞ və Avropa ölkələrini nəzərdə tutur. İranın ruhani lideri həmçinin vurğulayıb ki, təhlükəsizlik və sülhün təmin edilməsi məsələsində insanın öz gücünə və mehriban qonşuların dəstəyinə arxalanması lazımdır.
Yada salaq ki, İrəvan rəsmiləri dəfələrlə bəyan ediblər ki, nəqliyyat əlaqələrinin açılması məsələsində “dəhliz məntiqi” olmamalıdır və Ermənistan yalnız qarşılıqlı faydalı şərtlərlə nəqliyyat marşrutlarının açılması məsələlərini müzakirə etməyə hazırdır.
Vardanyanın açıqlamasına münasibət bildirən araşdırmaçı-jurnalist Asəf Quliyev “Sherg.az”a bildirib ki, Zəngəzur dəhlizinin beynəlxalq sərhədlərə təhdid və ya Ermənistanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilməsi bəzi maraqlı dairələrin sifarişlərini icra edən ekspertlərin “qənaətidir”:
“Belə bir şey isə yoxdur. Bu gün Zəngəzur dəhlizinin düyünə düşməsinin bir səbəbi var. O da Qərb və Ermənistanın hazırkı rəhbərliyinin bu dəhliz boyu təhlükəsizliyə Rusiya sərhədçilərinin cavabdeh olması ilə razılaşmamasıdır. Yəni bu Ermənistan və Rusiya arasında olan dartışmanın predmetidir. İranın mövqeyinə gəldikdə isə rəsmi Tehran Arazın digər sərhədi ilə, yəni öz ərazisindən keçəcək dəmir yol xəttinin çəkilməsinə razılıq verib. Belə olan halda sual yaranır: Necə olur ki, dəmir yol xətti Ermənistan ərazisindən keçəndə ərazi bütövlüyünün pozulması kimi qəbul olunur, amma İran ərazisində keçəndə bu heç bir problem yaratmır. Deməli, burada pərdə arxası maraqlar var. Bu maraqlar yuxarıda dediyim ekspertlərin şərhlərinə də sirayət edir. Bəli Zəngəzur dəhlizi Ermənistanın maraqlarına cavab verir. Amma görünür rəsmi İrəvan hesab edir ki, dəhlizin mühafizəsinin Rusiya hərbçilərinə həvalə olunması dəhlizdən gələcək xeyirdən daha çox strateji ziyan verə bilər. Buna görə də məsələ getdikcə uzanır”.