ABŞ-dəki prezident seçkilərinə qədər Ukraynada atəşkəsin olacağı istisna edilmir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” nəşrinə müsahibəsində noyabrda keçirilən ABŞ-dəki prezident seçkilərinə qədər Ukraynada atəşkəsin olacağının istisna edilmədiyini bildirib. Amma o, bundan əmin olmadığını diqqətə çatdırıb:
“Bəlkə, müharibənin tempində yavaşlama olacaq. İctimai rəy artıq formalaşıb. Bu müharibə iki il yarımdır davam edir. Hər kəs öz limitlərini görür. Nüvə silahı tətbiq olunmadan hara qədər gedə bilinəcəyini də hər kəs anlayıb. Artıq hesab-kitab vaxtıdır”.
Qeyd edək ki, Ukraynadakı müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Mövzu ilə bağlı “Sherg.az”a danışan “Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov söyləyib ki, Ukraynada müharibə doğrudan da dalana dirənib:
“Eyni zamanda mövqe döyüşləri gedir. Tərəflərdən heç biri ciddi irəliləyiş əldə edə bilmirlər. Rusiya cuzi şəkildə müəyyən ərazilər tutur ki, bu da itkilərlə adekvat deyil. Proses nüvə müharibəsinə doğru gedir. Artıq hər iki tərəfin də bütün imkanlar tükənir. Ukraynadakı müharibənin prespektivdə Üçüncü Dünya Müharibəsinə, birbaşa Rusiya və ABŞ toqquşmasına gətirib çıxaracağı istisna deyil. Belə olan halda Rusiya və Ukrayna dedikləri kimi sülh istəyirlərsə, ikitərəfli təmaslara üstünlük verməlidirlər. İkitərəfli danışıqlar olmadan müharibənin yaxın vaxtlarda başa çatacağı ağlabatan görünmür. Məhz qarşılıqlı təmaslar nəticəsində tərəflər dil tapmalıdır və biri-birilərinə etimad mühiti formalaşmalıdır. Amma noyabr ayında ABŞ-də keçirilən prezident seçkilərinə qədər atəşkəsin əldə olunacağını düşünmürəm. Çünki Ukrayna və Rusiya buna hazır deyil. Hətta tərəflər buna hazır olsalar belə, ABŞ və Avropa Birliyi mümkün qədər bunun qarşısını almağa çalışacaqlar. Rusiya və Ukrayna isə oyunun qurbanları olduqlarını başa düşməlidirlər. Ona görə ortaq düşmən olan Qərbə qarşı mövqe ortaya qoymalıdırlar".