İran həbsxanalarında son bir ayda 55 məhbus edam edilib

İranda iyul ayında həbsxanalarda azı 55 məhbus edam edilib.

“Report” “İran İnternational”a istinadən xəbər verir ki, bu barədə İranda İnsan Hüquqları Təşkilatının (HENGAW) aylıq hesabatında bildirilib.

Məlumata görə, bu göstərici iyun ayı ilə müqayisədə 400 faiz artım deməkdir. Həmin ayda İran həbsxanalarında 11 məhbusun ölüm hökmü icra olunub.

Bildirilib ki, ötən ay İran həbsxanalarında ölkə vətəndaşı olan 14 etnik azərbaycanlı (Azərbaycan türkü), səkkiz bəluc, altı kürd, üç gilək, üç lor, habelə Əfqanıstanın da 7 vətəndaşı edam olunub. İnformasiyaya əsasən, İslam Respublikasının Bircənd həbsxanasında beş qadın, Şiraz və Xürrəmabad zindanlarının hərəsində bir qadın asılıb. Başqalarının kimliyi barədə məlumat əldə edilməyib.