PA-nın şöbə müdiri gənclərə çağırış edib

Bizim varlığımızın gələcəkdə necə olması Azərbaycan gənclərinə bağlıdır. Gənclərimizin aralarında ingilis dilində yox, öz dilində danışmaqları yaxşı olardı.
"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib.

Onun sözlərinə görə, gənclər bütün ölkələrdə aparıcı qüvvədir: "Artıq ən yüksək amallar gənclər tərəfindən həyata keçirilir. Gənclərimiz xarici ölkələrdə yaşayır, təhsil alır. İnsanın ən böyük hüququ yaşamaq hüququdur. Hüququndan keçən əsgərlərimiz torpaq uğrunda ölümə getdilər. Siz bunları bilməli və gələcək nəsillərə ötürməlisiniz".

F.Əliyeva bildirib ki, qalib ölkənin vətəndaşı olmaq qürurludur: "Azərbaycan sizə əmanətdir. Dünən Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü idi. Azərbaycan dili bizə məxsus olan nemətdir. Siz gənclər onu biləndə bir-birinizə da sıx bağlanırsınız".