Avropaya inteqrasiya yolunda Gürcüstan və Moldova kənarda qaldı-SƏBƏB?

Avropa İttifaqı Moldova və Gürcüstanı bu dövlətlərin bəzi hissələrini nəzərə almadan birliyə qəbul etmək ideyası ilə çıxış edib. 
APA ura.ruya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano danışıb.
O bildirib ki, Aİ Dnestryanı, Abxaziya və Cənubi Osetiya ərazilərini istisna etmək istəyir.

“Avropa İttifaqı Moldova və Gürcüstanın hissə-hissə, yəni Brüsselin suverenliyini tanımadığı Dnestryanı, Cənubi Osetiya və Abxaziyasız ittifaqa qəbul oluna biləcəyini istisna etmir”, - deyə Peter Stano deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı mübahisəli ərazilərinə görə Moldova və Gürcüstanın qəbulunu ləngitməməlidir.
Yeni üzvlərin qəbulu ilə bağlı müzakirəyə səbəb Avropa Komissiyasının 2023-cü il üçün genişlənmə ilə bağlı hesabatını dərc etməsi olub və burada Ukrayna və Moldovanın üzvlüyünə dair tövsiyələr verilib. Bu məsələ ilə bağlı mümkün həll yolları Aİ-nin dekabrın 14-15-də keçiriləcək sammitindən sonra ortaya çıxacaq.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Gürcüstana namizəd statusunun verilməsi təklifi ilə çıxış edib. O, həmçinin Ukrayna və Moldovanın Aİ-yə daxil olması üçün yaxşı nəticələr əldə etdiyini bildirib. O, Təhlükəsizlik Şurasını hər iki ölkə ilə üzvlüklə bağlı danışıqlara başlamağa çağırıb.


Məsələ ilə əlaqədar "Sherg.az"a danışan politoloq Yeganə Hacıyeva vurğulayıb ki, Avropa İttifaqı Şurası tərəfindən 2022 ci ildə Ukrayna və Moldovaya təşkilata üzv olmaq üçün namizəd statusu verilib:

"Gürcüstana isə namizəd statusunun verilməsi təsdiqlənməyib. Şarl Mişel  bildirmişdi ki, Gürcüstanın Avropa perspektivi tanınıb və ölkəyə həllini gözləyən prioritet məsələləri yerinə yetirdikdən sonra namizəd statusu veriləcək. Keçən il Avropa Komissarları Kollegiyası Ukrayna və Moldovaya Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı tövsiyə qərarını təsdiqləmişdi. Bundan sonra Avropa Komissarları Kollegiyasının iclasında Ukrayna və Moldovaya namizədlik statusunun verilməsi ilə bağlı müsbət rəy təsdiqləndi. Gürcüstan isə bu statusu almaq üçün “şərtləri yerinə yetirməlidir” kimi fikirlər səsləndirdilər. Namizədlik statusu haqqında qərardan əvvəl Kiyevdə səfərdə olan Almaniya, Fransa, İtaliya və Rumıniya liderləri Ukraynanın Avropa İttifaqına üzvlüyə namizəd statusu verilməsinə razı olduqlarını bildirmişdilər. Amma uzun illərdir Avropaya inteqrasiya yolunda ciddi işlər görən, hətta buna görə sarsıdıcı zərbələr alan Gürcüstan prosesdən kənarda qaldı".

Xanım politoloqun sözlərinə görə, 2008-ci ildə “Şərq Tərəfdaşlığı” Proqramı formalaşanda ümumi yanaşma bundan ibarət oldu ki, bu platformaya qoşulan ölkələr sonrakı mərhələdə təşəbbüskar olsalar, Avropa İttifaqı üzvlüyünə namizəd və üzv kimi qəbul edilə bilərlər: 
"Buna əsas kimi keçmiş SSRİ-nin nüfuz dairəsində olan bir neçə sosialist quruluş təcrübəsi malik ölkələrin quruma üzvlük proseduru götürülürdü. Proseslər isə fərqli istiqamətdə inkişaf etdi və Avropa İttifaqının bu prosesi uzatması bəzi postsovet ölkələrini ciddi zərbə altına qoydu. Bu illər ərzində Avropa İttifaqının  atdığı addımlarından aydın oldu ki, elan olunan məqsədlərlə praktiki fəaliyyət arasında ciddi disbalans var.
Saakaşvilinin Gürcüstanda hakimiyyətdən getdiyi dönəmdə isə Avropa İttifaqına  üzvlüklə bağlı, ümumilikdə Avropa dəyərləri ilə əlaqədar  Gürcüstanda fərqli bir tendensiya yaşandı. 
Məsələn, Avropa İttifaqının Gürcüstana bildirdiyi iradlardan biri də cinsi azlıqlara qarşı dözümsüzlüyün artması və s. kimi mövzulardır. Çünki belə qruplara qarşı ən total etiraz postsovet ölkələrində məhz keçən il Gürcüstanda oldu.  Avropa dəyərləri toplusunda olan belə “dəyərlər” bu coğrafiyada özünü doğrultmur. Ölkələr Avropa İttifaqına üzvlük məsələsini  son illərin hadisələri fonunda prioritet hesab etmir. Heç kim Avropa İttifaqı üzvlüyünə namizəd olmaqla özünü hədəfə gətirmək istəmir. Ukrayna  nümunəsi göstərdi ki, Qərb üçün ölkələrin dağılması ciddi narahatedici faktor deyil".

Analitik  söyləyib ki, Türkiyə Avropa qitəsinin cənub sərhədlərinin təhlükəsizliyini qoruyan ölkədir, amma Avropa İttifaqından ona qarşı qəribə tərzdə fərqli yanaşma sərgilənir: 
"Bu yanaşma da on illiklərə dayanır və çox uzun müddətin söhbətidir. Avropa İttifaqının qitəsinin cənub sərhədlərinin təhlükəsizliyini qoruyan ölkə kimi Türkiyəyə ehtiyacı var. Ancaq Aİ Türkiyənin üzvlüyünü hələ də istəmir. NATO özlüyündə Avropa İttifaqının, Avropa qitəsinin təhlükəsizliyinin əsas hərbi təsisatıdır. NATO-nun ikinci ordusu isə məhz Türkiyədir.   Aİ-nin bu məqamı hələ də  nəzərə almaması suallar doğurur.  Burada pərdə arxasında əsasən ABŞ-ın mövqeyi təsir göstərir. ABŞ Türkiyəni özündən asılı vəziyyətdə görmək üçün Türkiyənin Aİ-yə üzvlüyünə pərdə arxasında mane olur. 
Amma Avropa İttifaqının təhlükəsizliyi Türkiyənin iştirakı olmadan mümkün olmayacaq".