Kreml sükutda: Sərt tədbirlər gözlənilir?

Ermənistan Baş naziri Nikol Paşinyanın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədikləri ilə bağlı açıqlaması əks-reaksiyalar doğurub.
 Paşinyanın 24 noyabrda diaspor və ictimaiyyət nümayəndələrinin suallarını canlı yayımda cavablandırarkən dediyi “Biz Gürcüstanın birliyini və dövlətçiliyini tam və birmənalı şəkildə dəstəkləyirik” ifadəsinə ilk reaksiya rusmeyilli müxalifət və qondarma Abxaziya “rəsmiləri” tərəfindən gəlmişdi.
Ötən gün isə Abxaziyanın qondarma parlamentinin erməni deputatları Nikol Paşinyana qarşı müraciət yayıblar. Onların bu müraciətdə Paşinyanı Gürcüstanın ərazi bütövlüyünü tanımasına görə qınaması və Azərbaycandakı keçmiş qondarma rejimlə müqayisələr aparması yox, bəzi məlumatlar daha maraqlıdır.

Müraciətdə bildirilib ki, Abxaziyada 42 min erməni yaşayır və onlara öz dillərində təhsil, adət-ənənələri yaşatmaq üçün hər cür şərait yaradılıb. 42 minlik əhalinin isə qondarma parlamentdə 4 “deputatı” var.

Mövzu ilə bağlı "Sherg.az"a danışan politoliq Aytən Qurbanova bildirib ki, Gürcüstanın ərazi bütövlüyünə münasibətdə bütün region dövlətləri (Rusiya istisna olmaqla) beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqe nümayiş etdirirlər və bu mövqe hər zaman dəyişməz olaraq qalır:
"Amma Ermənistan kimi işğalçı bir dövlətin baş nazirinin belə fikirlər səsləndirməsi təbii ki, hüququn aliliyi və ya ədalətin təcəssümü olaraq ifadə oluna bilməz.  O zaman təbii olaraq bir sual yaranır ki, Gürcüstanın ərazi bütövlüyü və dövlətçiliyi ilə bağlı belə bəyanat Paşinyan tərəfindən niyə məhz indi səsləndirilib? Unutmamaq lazımdır ki, Paşinyan yenə də qərbyönümlü “ritorikasından” irəli gələn bəyanatlar verməklə öz himayədarlarına Rusiyadan uzaqlaşmaq meyllərini nümayiş etdirməyə çalışır". 

Politoloq eyni zamanda bütün mümkün vasitələrlə Gürcüstanı regional əməkdaşlıq platformasından uzaqlaşdırmaq cəhdlərini də aydın şəkildə müşahidə olunduğunu vurğulayıb:
"Rusiya da öz növbəsində Abxaziyada yaradılmış qondarma rejimin “parlamentində” təmsil olunan erməni əsilli “deputatlar” vasitəsilə məsələyə reaksiya verməklə bir növ Paşinyan administrasiyasının bu “demarşlarının” cavabını elə məhz ölkə daxilində və xaricində yaşayan öz soydaşlarının vasitəsilə ilə verilə biləcəyi mesajını da ifadə etmiş olur. Ona görə düşünürəm ki, indiki mərhələdə Rusiyanın Paşinyan administrasiyasına münasibətdə hər hansı birbaşa radikal mövqe nümayişindən daha çox səssiz, amma sərt tədbirlərin görülməsi cəhdləri heç bir halda istisna edilmir".