Türkiyənin qərarı İsveçdən asılıdır-ŞƏRH

Bu ilin sonuna qədər Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləyə bilər.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, NATO-nun baş katibi Yens Stoltenberqlə danışığı zamanı deyib.
"Problemin həlli üçün çox çalışırıq və İsveçin NATO-ya üzvlüyü haqqındakı sənəd, il sonuna qədər ratifikasiya edilə bilər",- deyə Hakan Fidan bildirib.
Qeyd edək ki, 16 noyabr tarixində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılan İsveçin NATO-ya üzvlük ilə bağlı danışıqların təxirə salınması qərara alınıb.

Mövzunu “Sherg.az”a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki,  İsveç hazırda Türkiyənin şərtlərini tam şəkildə yerinə yetirməyib:
 “Amma belə anlaşılır ki, rəsmi Ankara bəzi məsələlərlə bağlı qarşılıqlı güzəştə getmək niyyətindədir. Yəqin,  güzəştin özünün də siyasi və diplomatik səbəbləri var. İlk dəfə bir neçə ay bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə bu məsələnin təsdiqinə çalışacağını vəd etmişdi. Bir neçə dəfə sözü gedən mövzu təxirə salındı. Nəhayət Hakan Fidanın bu dəfə verdiyi mesaj məsələnin qarşıdakı bir neçə həftə ərzində həlli yönündədir. Amma Türkiyə parlamenti məsələni ratifikasiya etməyənə kimi İsveçin NATO- ya üzvlüyünün mərkəzi Ankara tərəfindən razılaşdırılmasını demək mümkün deyil. Çünki bu vaxt ərzində vəziyyət dəyişə bilər”. 

Politoloq İsveçdə daxil olmaqla Avropa məkanında Türkiyəyə qarşı müəyyən aqressiv yanaşmaların artmağa başladığını söyləyib:
“İsveçin partiyalarından bəziləri islam dininin qadağan olunması, məscidlərin bağlanması ideasını irəli sürüblər. Doğrudur, İsveçin rəsmi dairələri dərhal çağırışlara sərt reaksiya verərək belə addımın atılmayacağını bildirdilər. Lakin parlamentin iclasına qədər İsveçdə Türkiyəyə və islam cəmiyyətinə qarşı hər hansı fəalliyyətlər olarsa, rəsmi Ankara bu məsələni yenidən təxirə sala bilər. Hazırda  hər şey İsveçin özündən aslıdır. Türkiyənin şərtlərini və gözləntilərini qarşılayacaqlarsa, rəsmi Ankaranın İsveçi NATO-dan saxlaması üçün səbəb olmayacaq. Türkiyənin belə bir niyyətidə yoxdur. Bunu Finlandiya örnəyində də gördük. Finlandiya imzalanmış 3 tərəfli müqaviləyə  uyğun davrandı və Türkiyə onları İsveçdən ayıraraq üzvlüyünü ratifikasiya etdi”.