AB-də korrupsiya qalmaqalı: Səfirin həbsinə order verildi

Belçika hakimiyyəti bütün Avropanı sarsıdan “Qatarqeyt” qalmaqalı ilə bağlı Mərakeşin Polşadakı səfiri Əbdurrəhim Atmunanın həbsinə order verib.
Axar.az xəbər verir ki, bu barədə Çinin “BNN Breaking” agentliyi məlumat yayıb.
Məlumata görə, səfir Avropa Parlamentini bürüyən, onun nüfuzuna xələl gətirən və AB idarəçiliyində şəffaflığa kölgə salan böyük korrupsiya qalmaqalının mərkəzindədir:

“Səfir Avropa Parlamentinin üzvlərinə Mərakeşin xeyrinə qərarlar qəbul etmək üçün rüşvət verməkdə ittiham olunur. İttihamlar ciddi rezonansa səbəb olub və bir neçə şəxsin, həmçinin Avropa Parlamentinin o vaxtkı vitse-prezidenti Eva Kaylinin həbsi ilə nəticələnib. “Qatarqeyt” adı verilən bu qalmaqalın bir hissəsi olaraq Avropa Parlamentinin deputatları Qətər hökumətinə qanunsuz olaraq lobbiçilik ediblər. Qanunsuz əməliyyatlar zamanı milyonlarla avro nağd pul və hədiyyələr edilib”.

Qeyd edək ki, ötən il Avropa Parlamentinin sədr müavini Eva Kayli və daha üç nəfər Brüsseldə futbol üzrə dünya çempionatı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilmişdilər.