"Bu, izaholunmaz və axmaq qərardır" - Peskov

Kreml Bolqarıstan hakimiyyətinin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ölkənin hava məkanından keçməsinə icazə verməmək qərarının "izaholunmaz və axmaqlıq" olduğunu bildirib.
Bakupost.az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.
“Əlbəttə, Bolqarıstan hakimiyyətinin belə mövqeyini heç nə ilə izah etmək olmaz", - Peskov deyib.
Onun sözlərinə görə, bu qərar “heç bir çərçivəyə sığmır”.
"Bu (bu mövqe) tamamilə absurddur, buna hətta axmaqlıq da demək olar. Bununla əlaqədar olaraq, mən Bolqarıstan rəhbərliyinə müraciət etmək istərdim. Onları qəbul etdikləri qərarlarda ayıq-sayıqlıq nümayiş etdirməyə var gücü ilə çalışmağa çağırıram", - Peskov vurğulayıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 30 noyabr - 1 dekabr tarixlərində ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasının keçiriləcəyi Şimali Makedoniyaya səfər etdiyi bildirilib.
Rusiya nümayəndə heyətinin "İnterfaks"a verdiyi məlumata görə, uçuş marşrutu əvvəlcə nəzərdə tutulduğu kimi Bolqarıstan deyil, Yunanıstanın hava məkanından keçib.
"Bolqarıstan uçuş üçün öz hava məkanından istifadə etməyə icazə verib, lakin Avropa İttifaqının tətbiq etdiyi sanksiyaları əsas gətirərək Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın təyyarədə olmamasını tələb edib. Bolqarıstan sərhədini keçməkdən söhbət getmədiyi üçün müvafiq qanunvericilik belə halları heç bir şəkildə tənzimləmir. Bununla əlaqədar olaraq, Rusiya Yunanıstandan uçuş icazəsi aldı", - nümayəndə heyətindən bildiriblər.