Baydenə qarşı kampaniya: ABŞ mövqeyini dəyişəcək?

ABŞ-də yaşayan müsəlman icmaları Prezident Co Baydenə qarşı yeni kampaniya başladıblar.
Onlar 2024-cü ildə keçiriləcək prezident seçkilərində Baydenə səs verməyəcəklərini bildiriblər.
#AbandonBaden (Baydeni tərk edin) adı altında başladılan kampaniyaya səbəb ABŞ liderinin İsrail-Fələstin münaqişəsində ikinciləri dəstəkləməsidir.
Kampaniya əsasən Miçiqan, Arizona, Viskonsin, Pensilvaniya və Florida statlarını əhatə edir.

Mövzunu “Sherg.az”a şərh edən politoloq Aytən Qurbanovanın sözlərinə görə, ABŞ elə bir dövlətdir ki, onun xarici siyasi maraqları prezidentin mövqeyindən ya da hakimiyyətdə demokratların və ya respublikaçıların olmasından daha çox siyasi institutların müəyyənləşdirdiyi konseptual yanaşmadan asılıdır. Atılan preventiv addımlar da bu nisbətdə müəyyən edilir:

“Ona görə də, növbəti il keçiriləcək prezident seçkilərinin nəticəsində kimin prezident olmasından asılı olmayaraq Amerikanın İsrail-Fələstin münaqişəsinə dair mövqeyində əsaslı dəyişiklik olacağını düşünmürəm. Diqqət ediriksə daha əvvəlki prezident və növbəti seçkilərdə Co Baydenin ən əsas rəqibi olaraq qiymətləndirilən Donald Trumpın dövründə də kifayət qədər kəskin addımlar atıldığını müşahidə etmişdik. Məsələn ABŞ diplomatik nümayəndəliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarın qəbul edilməsi və ya Qolan təpələrində Trumpın şərəfinə abidə qoyulması buna nümunə ola bilər. Nəticə etibarilə, bu kampaniyaların seçki prosesi çərçivəsində təşviqat dövründə Baydenin mövqeyinin zəifləməsinə təsir imkanı istisna edilməsə də, ümumilikdə Amerikanın bu istiqamətdə siyasi kursunun dəyişməsinə təsir gücü olacağını ehtimal etmirəm”.