Kreml Latviyaya barmaq silkələdi: Putin NATO-nu qarşısına alacaq?

Əgər Latviya ölkədə yaşamaq istəyən vətəndaşlarına donuz kimi rəftar etməyə davam edərsə, ölkə hakimiyyəti tezliklə özünə qarşı eyni münasibətlə üzləşəcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Latviya əhalisinin təxminən 40%-i rusdillidir. Eyni zamanda, Rusiya xüsusi əməliyyata (Ukraynaya müdaxilə - red.) başlamazdan əvvəl Baltikyanı ölkələrdə rusofobiya tətbiq olunurdu və indi ondan öz siyasi məqsədlərinə çatmaq üçün istifadə olunur”, - Putin vurğulayıb.

Açıqlamanını“Sherg.az” üçün şərh edən politoloq Turan Rzayev bildirib ki, Putinin bu tipli açıqlamalarına baxmayaraq hazırda Rusiyanın Latviyaya müdaxilə etmək imkanları azdır:

 “Latviya NATO və Avropa İttifaqına üzv bir ölkədir. Belə olan təqdirdə rəsmi Kremlin bu ölkəyə müdaxiləsi NATO-nu qarşısına almağ deməkdir. Ümumiyyətlə Rusiyanın Ukraynaya qarşı etdiklərini digər Baltikyanı ölkələrə etməsi mümkün deyil. Buna səbəb həmin ölkələrin NATO-ya üzv olmasıdır. NATO-nun nizamnaməsinə uyğun olaraq hər hansı üzvə qarşı olan müharibə bütün təşkilatın qatılması ilə nəticələnəcək. Rusiya bu dərəcə böyük bir müharibəni göz ala bilməz. Nəticə etibarı ilə Rusiya və Latviya arasında hazırki siyasi qarşıdurmanın hərbi konteksə keçəcəyini düşünmürəm”.