Ukraynanın Qərbə inamı, güvəni qalmayıb - Şərh

Kiyevə verilən vədlər, yardımlar azaldıqca Rusiya dirçəlir

Ukraynanın vəziyyəti silah qıtlığı, Qərbdə ictimai dəstəyin zəifləməsi, artan daxili siyasi rəqabət kimi problemlərin yığılması ilə pisləşir. Buna paralel olaraq isə Rusiya Qərbin təcridlərinə müqavimət göstərməyi bacarır. Ukrayna Rusiyanın fonunda getdikcə daha çox təcrid olunur. Qərb ölkələri lazımi silahların tədarükü ilə bağlı Kiyevə verdiyi vədlərə əməl etmədi, bu isə Ukrayna ordusunun yaydakı əks-hücumunun uğursuzluğunu izah edir. Fransa Prezidenti Makronun vəd etdiyi hərbi iqtisadiyyat isə real bəhrə vermədi. Avropanın Ukraynaya vədləri fonunda Rusiya hərbi sənayesi savaş rejiminə keçdi və bunun hesabına Moskva döyüş meydanında güc balansını öz xeyrinə dəyişə bilər.

Bu barədə “Le Fiqaro” məlumat yayıb.

“Avropalıların yorğunluğu və AB-dəki parçalanma Rusiya lideri Vladimir Putinin müharibənin gedişatını dəyişdirmək üçün gözlədiyi məqamlar idi. Artıq bir neçə həftədir ki, Rusiya Prezidenti əlverişli şəraitdə öz üstünlüyünü nümayiş etdirir. Rusiya ordusu Qərbin dəstəklədiyi ukraynalılara qarşı dayandı, Putin Qərbin təcridini “qırdı” və Cənubdakı antiqərb müttəfiqlərinə söykənərək sanksiyalardan yayınıb, xarici səfərləri bərpa etdi”, - məlumatda deyilir.

Mövzu ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Qərb ABŞ-nin timsalında Ukraynaya lazım olan dəstəyi sonuna qədər göstərmir:

 "Əslində Ukrayna Qərbdən  çox böyük ümidlər və vədlər alırdı. Buradakı əsas məqam Qərbin ənənəvi ritorikasına sadiq qalmasıdır. Yəni biz hər zaman Qərbin dövlətləri, xalqları qızışdırdığının və müəyyən proseslərdə sözügedən dövlətləri və xalqları tək buraxmaq tendensiyasını müşahidə etmişik".

 T. İsmayılov Qərbin Ukraynaya etdiyi dəstəklər fonunda  Rusiya qarşısında istənilən nəticələri almadığını gördüyünü və bu səbəbdən rəsmi Kiyevə yardımlarını azaltdığını qeyd edib:

"Qərbin Rusiya qarşısında Ukraynanı lazımi qədər dəstəkləməməsi onun meydanda tək qalması ilə nəticələnir. Ukrayna hakimiyyəti tərəfindən son vaxtlar verilən açıqlamalar və mesajlar Ukraynın içərsində Qərbə qarşı etimatsızlıq yarandığının sübutudur. Bu konteksdə  Ukraynanın müxtəlif səlahiyyətli şəxslərinin ayrı-ayrı  mövzularda səsləndirdiyi fikirlərdə Ukraynanın Qərbə inamı və güvəninin qalmadığını göstərən digər faktorlardır".