Qəribə ölüm elanı : “Anasız dünyam daha gözəl olacaq”

  ABŞ-nin Miçiqan ştatında yaşayan Gayle Harvey Heckman anası Linda Lernal Harveyin vəfatından sonra “Willcox” qəzetində ölüm elanı yayımlayıb. Elanı oxuyanlar heyrətə gəlib.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən oxucuların heyrətinə nəyin səbəb olduğunu təqdim edir. Məsələ burasındadır ki, elan qəzetdə nəşr edildikdən sonra oxucuların təpki göstərdiyindən xəbər tutan rəhbərlik elanı ləğv edib, oxuculardan da üzr istəyib. Lakin qadının qızı qəzet rəhbərliyinə etiraz edərək niyə elanı sildiklərini soruşub. Redaksiya Gayle Harvey Heckmanın “uşaq istismarçılarını qoruyursunuz” ittihamı ilə üzləşib. Məsələnin kökündə dayananlarsa həqiqətən də heyrət doğurur. Elan anaya rəhmət dilənməsiylə başlasa da, getdikcə üslub dəyişir və ittihamlar dalğası gəlir. Gaylenin elanında “Linda Lernal üçün ailəsi üzülmür, onun üçün darıxmayacaq da. Ailə üzvlərinin hamısı bu dünyanın onsuz daha yaxşı olacağı fikrindədir”, cümlələri yer alıb. Gayle daha sonra anasının zorakılığa meyilli qadın olduğunu yazıb: “Bir ana kimi o, şiddətə meyilli idi, uşaqlarına nifrət edirdi, qəddar idi. O məni də həm fiziki, həm mənəvi baxımdan istismar edib. Onun ikinci həyat yoldaşı da məni istismar edirdi. Təcavüz edirdi mənə. Anam isə onun bu hərəkətlərinə səssiz qalırdı. Anam məni ərini əlindən almaqda suçladı və məni amansızca döydü”. Gayle Heckman belə bir elan verdiyinə görə peşman olmadığını, anasından nifrət etmədiyini, lakin ona qarşı çox qəzəbli olduğunu deyib. Gayle Heckman doğma atasını çox sonralar tanıdığını deyib. Anasının həyat yoldaşını daim aldatdığını, övladının əsl atasının kimliyini uzun müddət gizlətdiyini bildirib. Gayle doğma atasını 2023-cü ildə DNA testi sayəsində tapa bilib. “Bu qədər. Lernel ailəsi üçün heç vaxt yaxşı ana olmayıb. Onun ölümüylə bu hekayə sonsuzadək qapanır”, - deyən Gayle anasının vəfatıyla bağlı belə bir elan verdiyindən əsla peşman olmadığını, əksinə, həqiqətləri dilə gətirdiyi üçün yüngüllük hissi keçirdiyini deyib.